Fotos
AMEA-nın gənc alim və mütəxəssislərinin ötənilki fəaliyyətlərinə həsr olunan tədbir keçirilib
Fev 22 , 2019 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1626 )

Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. İclasda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, akademiyanın akademik-katibi, akademik Rasim Əliquliyev, Kimya Elmləri Bölməsinin akademik-katibi v.i.e., akademik Vaqif Fərzəliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, respublikanın gənclərlə bağlı dövlət və qeyri hökumət, ali məktəblərin ictimai təşkilat rəhbərləri və akademiyanın gənc alimləri, doktorant, disertant və magistrləri iştirak ediblər.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, təşkilat tərəfindən akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və şuranın illik fəaliyyət planına uyğun olaraq işlər davam etdirilib, bir sıra yeni layihələr həyata keçirilib.
Natiq vurğulayıb ki, şuranın elmi-ictimai fəaliyyəti gənclərin elmə marağını artırıb. Bildirib ki, burada akademiyanın prezidenti, akademik Akif Əlizadə tərəfindən gənc alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasına yönələn diqqət və qayğının təsiri böyükdür.
F.Salmanov elmi müəssisələrin illik mühüm elmi nəticələrinin sırasında gənclərin nailiyyətlərinin olmasını diqqət çəkən başlıca məqamlardan biri kimi dəyərləndirib: "Molekulyar biologiya, kimya, fizika-texnika, yer elmləri və başqa sahələrdə beynəlxalq səviyyəli müştərək tədqiqatlara qoşularaq mühüm nəticələrə imza atan və həmin nəticələri "Web of sciences" elmi bazalarında referatlaşdırılmış impakt faktoru yüksək olan jurnallarda dərc etdirən gənc alim və mütəxəssislərimizin sıraları genişlənməkdədir".
Şura sədri qeyd edib ki, hesabat ilində tələbələrin innovasiya fəaliyyətinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlığa da önəm verilib: "Bu baxımdan cari ildə Azərbaycan Texniki Universitetində "Elmin sürət qatarı" layihəsinin təqdimatı olub. İnformasiya və biotibbi texnologiyaların yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat verən tələbələr bu ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını bildiriblər".
GAMŞ-ın elmlə təhsilin vəhdətinin möhkəmləndirilməsi siyasətinə uyğun olaraq fəaliyyətini genişləndirməkdə davam etdiyini diqqətə çatdıran F.Salmanov artıq ayrı-ayrı institutlardakı gənclər şuralarının müstəqil şəkildə "Bu günün şagirdi, sabahın alimi" layihəsi çərçivəsində şəhər və rayon məktəblərindəki "Kiçik Akademiya"lar ilə sıx əməkdaşlıq etdiyini söyləyib. O, AMEA-nın Təhsil Nazirliyi ilə ən uğurlu əməkdaşlığının nümunəsi olan "Sabahın alimləri" VII respublika müsabiqəsi çərçivəsində gələcəyin alimi olacaq istedadlı məktəblilərin layihələrinin hazırlanmasında gənc mütəxəssislərimizin böyük rolu olduğunu əlavə edib.
Alim bildirib ki, akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və əldə olunan nailiyətlərin geniş ictimaiyyətə çatdırılmasında, eyni zamanda, istedadlı şagirdlərdə elmə maraq formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA institut və təşkilatlarında "Açıq qapı" günləri bu il ərzində də müntəzəm davam etdirilib. Onun sözlərinə görə, gənclərin fəaliyyətinin stimullaşdırılmasının həlledici vasitəsi olan müsabiqələr artıq ənənə halını almaqla, öz əhatə dairəsini də genişləndirməkdədir. Bunun nəticəsi olaraq 2018-ci ildə institutlarda "İlin gənc alimi", "İlin tədqiqat layihəsi", "Ən yaxşı elmi məruzə" və digər müsabiqələr keçirilib.
GAMŞ sədri hesabat ilində akademiyada gənclərin beynəlxalq konfrans və simpoziumların keçirildiyini söyləyib: "Sevindirici haldır ki, bəzi institutlarda gənclər üçün ixtisaslaşmış beynəlxalq konfransların keçirilməsi ənənə halını alıb. Bu qəbildən "Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları" mövzusunda VII beynəlxalq elmi konfransı və II Beynəlxalq ailə və uşaq psixologiyası elmi-praktik konfransını xüsusi qeyd etmək olar".
F.Salmanov şuranın həyata keçirdiyi ictimai tədbirlər, beynəlxalq əməkdaşlıq əlaqələrindən, gənclərin mükafatlandırılması və digər tədbirlər haqqında da geniş məlumat verib.
Məruzəçi vurğulayıb ki, Azərbaycan elminin parlaq sabahı üçün gənclərin fəaliyyətini koordinasiya edən şura həmişə yeni hədəflər və ideyalar axtarışındadır. O, bundan sonra da AMEA gənclərinin elmi inkişafına xidmət edən istənilən təşşəbüsü real imkanlara çevirməyə çalışacaqlarını əminliklə ifadə edib.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.
Yığıncaqda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilqəm Tağıyev və digərləri çıxış edərək şuranın hesabatını yüksək qiymətləndiriblər, fikir və rəylərini bildiriblər.
Sonra AMEA Genetik ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Allahverdi Şahverənov, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunan AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İsgəndərli, AMEA YTP-nin Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və digərləri çıxış ediblər.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun GAMŞ sədri Nərmin Adıgözəlova şuranın 2018-ci üzrə qərar layihəsini təqdim edib.
Tədbirin sonunda hesabat yekdilliklə qəbul olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.