Fotos
Gənc bioloqlar AMEA Yüksək Texnologiyalar Parkına ekskursiya ediblər
Mart 01 , 2019 | 04:50 / Mühim hadisələr
Oxunma ( 189 )

Martın 1-də Gənc bioloqların qış məktəbinin iştirakçılarının AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiyası təşkil olunub. Ekskursiyanın məqsədi YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə tanışlıq idi.

Öncə gənc tədqiqatçılara YT Park haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədləridir.

Sonra qonaqlar YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Qış məktəbinin iştirakçılarıAMEA-nın Təcrübə-Sənaye Zavoduna da baş çəkiblər. Bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur.

Onlar 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılan “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsalı sahəsi ilə tanış olublar. Gənc mütəxəssislərə burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib.

Daha sonra YT Parkın strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə çıxış edərək gənc tədqiqatçıları texnologiyalar parkında görməkdən məmnun olduğunu bildirib. O, qeyd edib ki, YT Parkda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, habelə innovativ müəssisələrin yaradılması nəzərdə tutulur. M.Bağırzadə bildirib ki, bu müəssisədə elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması və alimlərin innovativ elmi layihələrinin reallaşdırılması əsasında xüsusi bir platformanın yaradılması da qarşıda duran vəzifələrdəndir.

YT Parkın Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı “Azərbaycanda elm, innovasiya və yeni məhsullar: imkanlar, nailiyyətlər və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O, elm və innovasiyanın inkişafı baxımından YT Parkın geniş imkanlara malik olduğunu deyərək, bu müəssisənin elm və biznesin inteqrasiyası istiqamətində mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

V.Süleymanlı qeyd edib ki, YT Parkda AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən alimlərin ən son ixtiraları tətbiq olunur, fundamental elm, texnika və istehsalatı bir araya gətirən ciddi elmi tədqiqatlar aparılır. Həmçinin Parkın ərazisində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində önəmli işlər görülür.

YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti qış məktəbi iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirin sonunda YT Parkın fəaliyyətinə dair müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, fevralın 27-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc bioloqların qış məktəbi–2019” fəaliyyətə başlayıb. Bu məktəb biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün nəzərdə tutulub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.