Fotos
Azərbaycan “Web of Science®” bazasına daxil olan elmi məqalələrin sayına görə Cənubi Qafqazın lideridir
Mart 18 , 2019 | 01:59 /
Oxunma ( 414 )

Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq çərçivəsində tarixi uğur əldə olunub. Belə ki, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Bu günə olan məlumata əsasən, “Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığa 2015-ci ildə start verilib. Qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Eyni zamanda professor-müəllim heyətinin, tədqiqatçıların və təhsilalanların dünyanın yüksək reytinqli elmi jurnalları, konfrans materialları və monoqrafiyaları barədə elmi məlumatlara çıxışının təmin olunması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, alimlərimizin imic və reputasiyasının gücləndirilməsi və ən əsası, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsi qarşıya məqsəd qoyulub.

Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub. Alimlərimizin elmi bazanın imkanlarından daha aktiv faydalanması üçün bu vaxta qədər Bakı, Gəncə və Naxçıvan şəhərlərində ümumilikdə 2300 nəfərin iştirakı ilə 70-ə yaxın təlim və sertifikasiya proqramı təşkil edilib.

2014-2018-ci illər ərzində Azərbaycan alimlərinin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz artıb. Həmin dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstərici 2,1 dəfə artıb.  

Universitetlərin beynəlxalq reytinq siyahılarının hazırlanması zamanı nəzərə alınan meyarlar arasında ali təhsil müəssisələrinin elmi fəaliyyətinin nəticələri həlledici çəkiyə malikdir. Dünyanın aparıcı reytinq agentlikləri universitetlərin elmi fəaliyyətinə dair məlumatları əsasən “Web of Science®” bazasından birbaşa əldə edirlər. Bu baxımdan sözügedən bazaya daxil olan məqalələrin, xüsusilə də həmin məqalələrə edilən istinadların sayının artması ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına ciddi təkan verəcək.

https://edu.gov.az/az/page/9/16323?fbclid=IwAR0NJ01UIh7SHf7ISsJF69BqD41sQKe3ZhBWCujXkXAi3huqr7aTs_DnsB8

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.