Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda “Elm Günü” qeyd olundu
Mart 27 , 2019 | 03:41 /
Oxunma ( 1434 )

Martın 27-si Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) tədbir keçirildi. Öncə İnstitutun əsasını qoyan dünyasını dəyişmiş görkəmli alimlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev tədbiri giriş nitqi ilə açıq elan edərək bildirdi ki, bu günü elmlə məşğul olar hər kəs, bütövlükdə Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar hadisə kimi səciyələndirdi. O bildirdi ki, ölkə rəhbərinin 9 aprel 2018-ci il tarixli məlum sərəncamı ilə “Elm Günü”nün təsis olunması elm adamlarına olan hörmətin, diqqətin ən bariz nümunəsidir. Akademikin sözlərinə görə, bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir.

Azərbaycanda elmin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla sadalayan V.Fərzəliyev istər sovet, istərsə də müstəqillik illərində ciddi elmi nailiyyətlərin əldə olunduğunu, ayrı-ayrı elmi istiqamətlər üzrə elmi məktəblərin formalaşdığını xüsusi qeyd etdi. O, Azərbaycan elminə böyük töhvələr verən görkəmli alimlərimizdən söz salaraq onların elm yolunu tutan gənc elm adamları üçün böyük örnək olduğunu diqqətə çatdırdı.

V.Fərzəliyev müstəqilliyin ilk illərində Akademiyanın bağlanmaq təhlükəsi ilə üzləşdiyini yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyulduğunu qeyd etdi: “Məhz, AMEA-ya milli statusu ümummilli lider verərək onun yeni mərhələdə inkişaf etdirilməsinə, Azərbaycanın milli sərvəti kimi qorunub saxlanılmasına rəvac verildi. Dövlət başçısı, cənab İlham Əliyev də AMEA-nın yubiley tədbirində çıxış edərək Akademiyanın fəaliyyətini yüksək qiymətləndirdi və yeni mərhələdə inkişafı üçün yeni prioritet vəzifələr qoydu”.

Akademik katib son illər ərzində akademik elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, istedadlı gənclərin elmə cəlb olunması yolunda çox böyük işlər görüldüyünü və ciddi nailiyyətlər əldə olunduğunu dedi: “Aparıcı alimlərimizin iştirakı ilə beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparılır, əldə edilən elmi nəticələr nüfuzlu jurnallarda dərc olunur. Həmin nəticələr dünyanın aparıcı elm mərkəzləri tərəfindən qəbul olunur, o işlərə elmi istinadlar edilir. Elmlə təhsilin inteqrasiyasının ən vacib elementi olaraq Akademiyada magistratura təhsili fəaliyyətə başlayıb, universitetlərin baza kafedraları açılıb. Ən əsası elmi müəssisələrdə əldə olunan elmi nəticələrin istehsalata yol tapması üçün Yüksək Texnologiyalar Parkı yaradılıb ki bu da alimlərimizin elmi nəticələrinin praktikada tətbiq olunması və bunu da ölkə iqtisadiyyatına alim əməyinin töhvəsi hesab etmək olar”.

Sonra tədbirdə çıxış edən Motor yağlarına aşqar kompozisiyaları laboratoriyasının müdiri, t.ü.e.d., professor Həqiqət Cavadova, Yanacaqlara aşqarlar laboratoriyasının baş elmi işçisi, k.ü.f.d., dosent Nüsrət Əliyev və “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri, İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d., dosent Əfsun Sucayev çıxış edərək “Elm Günü”nün əhəmiyyətindən danışdılar.

Tədbirin sonunda AMEA Rəyasət Heyəti Kimya Elmlər Bölməsinin Fəxri Fərmanına layiq görülən İnstitutun 5 qocaman alimi – texnika üzrə elmlər doktoru, professor Həqiqət Cavadova, kimya üzrə elmlər doktoru Sabirə Sərdarova, kimya üzrə elmlər doktoru Mahizər Əliyeva, kimya üzrə elmlər doktoru, professor Sabir Məmmədov və kimya üzrə elmlər doktoru, professor Əli Kazimzadəyə diplom və gül buketi təqdim olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.