Fotos
AMEA Radiasiya Problemləri İnstitutunda hibrid günəş ev sistemi qurulur
Apr 02 , 2019 | 12:42 / Mühüm hadisələr
Oxunma ( 1697 )

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) Özbəkistan ofisinin baş nümayəndəsinin müavini Kazuko Takabanake, qurumun Özbəkistan üzrə proqram koordinatoru Farhod Kurbanov və Azərbaycan üzrə proqram koordinatoru Nigar İsmayılova AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) olublar.

Qonaqlarla görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək RPİ-nin alimlərinin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini gücləndirməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Sonra “Azalternativenerji” MMC-nin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov “Günəş panelləri əsasında hibrid günəş ev sisteminin qurulması” layihəsi və bu layihəyə YBEA-nın ayırdığı mini qrant əsasında RPİ-nin binasında quraşdırılmış günəş panelləri və hibrid günəş ev sistemi haqqında məlumat verib. O, 2016-cı ildə Yaponiyanın Kitakyuşi şəhərində YBEA-nın mərkəzi ofisində keçirilən təlimlərdə iştirak etdiyini və nəhayət 2019-cu ildə qurumun mini qrant müsabiqəsinin qalibi olduğunu bildirib.

Daha sonra müəssisənin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Oktay Salamov alternativ energetika sahəsində institutda görülən işlər və yaradılan qurğular, elmi işlər, xarici və yerli elmi jurnallarda dərc olunan məqalələr və patentlər barədə məlumat verib.

Hazırki mərhələdə yalnız Günəş panellərinin işə qoşulduğunu və onların müəyyən enerji işlədicilərini elektrik enerjisi ilə fasiləsiz təchiz etdiyini bildirən O.Salamov gələcəkdə bu cür enerji mənbələri sayəsində “Günəş və külək-antikorroziya sistemləri”nin, sudan təzyiq altında təmiz hidrogen və oksigen qazlarının alınması üçün “Günəş-külək elektroliz qurğusu”nun, həmçinin də biokütlələrdən və tullantılardan yanar qaz qarışığı almaq üçün “Günəş-külək energetik qurğusu”nun yaradılacağını qeyd edib.

K.Takabanake isə öz növbəsində təmsil etdiyi təşkilatın fəaliyyətindən danışıb, sözügedən layihəni yüksək qiymətləndirərək ölkəmizlə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

Sonda RPİ-nin əsas binasında quraşdırılan günəş panelləri və hibrid günəş ev sisteminə birgə baxış keçirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.