Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqə keçirilib
Apr 10 , 2019 | 01:15 / Elmi müsabiqələr
Oxunma ( 1803 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elan olunmuş “Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqəyə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müsabiqə barədə məlumat verib. Bildirib ki, “Elm günü”nə həsr edilən müsabiqədə AMEA-nın müxtəlif institutlarından və digər müəssisələrdən gənc alim və mütəxəssislər iştirak ediblər. Qeyd edilib ki, müsabiqə ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında, potensiallarının üzə çıxarılmasında, aqrar və digər sahələrin inkişafında böyük əhəmiyyət daşıyır.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bildirdi ki, gənc tədqiqatçıların elmə həvəslənməsində müsabiqələrə geniş yer verilir: "Həm Rəyasət Heyəti olaraq gənclər üçün ixtisaslaşmış müsabiqələr keçirilir. Eyni zamanda ayrı-ayrı tədqiqat institutları ayrına bu müsabiqələri təşkil edir. Bu isə gənclərə maddi-mənəvi dəstək verilmiş olur. Bütün bunlar gənc alim və mütəxəssislərə diqqət və qayğının əyani nümunəsidir".

Şura sədri bu müsabiqənin də biologiya aqrar sahədə çalışan gənclər üçün əlavə stimul olacağını vurğuladı.

Sonra gənc alim və mütəxəssislər elmi–tədqiqat işlərini təqdim ediblər. Gənc alimlərin “Müxtəlif arxitektonikalı buğda genotiplərində quraqlıq stresi və onun bərpası zamanı antioksidant müdafiə sistemlərinin rolu”, “Böyük Qafqazın şimal-şərq yamacı dağ geosistemlərdə kənd təsərrüfatının inkişaf perspektivləri”, “Bitkilərin duzadavamlılığının qiymətləndirilməsində fizioloji və biokimyəvi markerlərin rolu”, “Yosunun kənd təsərrüfatında və sənayedə əhəmiyyəti”, “Bugda genotiplərində karbonun ilkin assimiliyasiyasında iştirak edən bəzi fermentlərin stress faktorlarının təsirindən asılı olaraq tənzimləmə mexanizmlərinin tədqiqi” və digər mövzularda məruzələri dinlənilib.

Qeyd edək ki, sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşəcək və mükafatlandırılacaq. Qaliblərə diplom, iştirakçılara isə sertifikatlar təqdim olunacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.