Fotos
Nəsiminin 650 illiyinə həsr olunan “Quş dili və fit dili fenomeni” mövzusunda gənc mütəxəssisin məruzəsi dinlənilib
Apr 11 , 2019 | 02:17 / Mühüm hadisələr
Oxunma ( 2057 )

Nəsiminin 650 illiyi çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Tələbə Elmi Birliyinin birgə təşəbbüsü ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, gənc alim Günel Məmmədovanın mühazirəsi dinlənilib. “Nəsiminin dili quş dilidir, onu Süleyman bilir ancaq” başlıqlı mühazirələr silsiləsindən  G.Məmmədovanın çıxışı “Quş dili və fit dili fenomeni” mövzusunda olub. Mühazirəçi quş dili və fit dilinin iki ayrı-ayrı yerdə yaşayan insanların bir-birilə ünsiyyət qurması məqsədilə düşündükləri vasitə olduğunu söyləyib, bu qədim ünsiyyət vasitəsinin tarixindən bəhs edib və qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə də fit dili və quş dilindən istifadə olunub. O, fit dilinin təkcə dilçiliyin morfologiya, fonetika sahələrində deyil, eləcə də bu qədim ünsiyyət vasitəsinin multidissiplinar səviyyədə araşdırılması zərurətinin olduğunu vurğulayıb.

Mövzu ilə əlaqədar “Nəsimi” filmindən fraqmentlər, eləcə də sənədli filmlərdən parçalar nümayiş olunub.

Daha sonra çıxışçılara söz verilib.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov dahi şair Nəsiminin “quş dili” deyərkən hürufilik fəlsəfəsinin dilini nəzərdə tutduğunu söyləyib. O, G.Məmmədovanın indiyədək az tədqiq olunmuş bu sahəyə müraciət etməsini alqışlayıb.  

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov belə bir mövzuya məhz gənc tədqiqatçının maraq göstərməsini təqdirəlayiq hal hesab edib, mövzu ətrafında maraqlı nümunələr göstərib.

Tədbirdə iştirak edən BDU-nun filologiya fakültəsinin tələbələri mövzu ilə əlaqədar mühazirəçiyə suallar ünvanlayıblar.

Sonda BDU-nun filologiya fakültəsinin Tələbə Elmi Birliyinin sədri Elnarə Talıbova və “Sabah” Mərkəzinin müəllimi Pərvin Eyvazov tədbirin təşkilinə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.