Fotos
Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar-məşğələ keçirilib
Apr 19 , 2019 | 01:01 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2588 )

18 aprel 2019-cu il tarixində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar-məşğələ keçirilib. Ənənəyə görə məktəblilər əvvəlcə AMEA-nın ikinci mərtəbəsində yerləşən sərgidə Coğrafiya İnstitutunun fəaliyyəti ilə tanış olublar. Seminar-məşğələ İnstitutun konfrans zalında davam edib. İştirakçıları salamlayan elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, məktəblərdə “Kiçik Akademiya”nın təşkili istedadlı gəncləri üzə çıxarmağa, şagirdlərdə elmə və elmi yaradıcılığa marağın artmasına, onlarda məntiqi təfəkkürün inkişafına zəmin yaradır. Fənnin tədrisi məsələsinə toxunan direktor müavini qeyd edib ki, bugünkü təhsil şagirdlərə təkcə bilik verməklə yanaşı müəyyən bacarıq və vərdişlərin də inkişaf etdirilməsini tələb etdiyindən onlara dərs deyən müəllimlərin məsuliyyətini də xeyli artırır. İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova gənc alimlərin fəaliyyəti haqqında şagirdlərə məlumat verib, apardıqları elmi tədqiqat işlərindən söhbət açıb. “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov Azərbaycanın regionları haqqında məruzə ilə çıxış edib, ölkənin coğrafi mövqeyi, təbii şəraiti, əhalisinin məskunlaşması, ekologiyası, tarixi-mədəni abidələri, və s. haqqında maraqlı məlumatlar verib. Turizm və rekreasiya şöbəsinin rəhbəri, c.ü.f.d. Zaur İmrani “Orta məktəb dərsliklərinin yazılması prosesində coğrafiya alimlərinin rolu” mövzusu ilə çıxış edib, uşaqları maraqlandıran sualları cavablandırıb. “Kiçik Akademiya”nın rəhbəri, İnstitutun Tibbi coğrafiya şöbəsinin elmi işçisi Solmaz Rzayeva məktəbdə Akademiyanın yaradılması və fəaliyyəti haqqında danışıb. Gənc coğrafiyaçı şagirdlər “Ekoloji mühitin qorunması”, “Həyat mənbəyimiz – su”, “Azərbaycanın coğrafiyaçı alimləri” mövzularda təqdimatlarla çıxış ediblər. Sonra şagirdlərlə sual-cavab şəklində müsabiqə keçirilib və qaliblərə kitablar hədiyyə edilib. Məktəbin əməkdaşı, əməkdar müəllim Naibə Ələkbərova məktəb kollektivi adından Coğrafiya İnstitutunun müdiriyyətinə və Gənc Alim və Mütəxəssislər Şurasına minnətdarlığını bildirib, belə tədbirlərin davam edəcəyinə ümidvar olduğunu bildirib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.