Fotos
AMEA gənc alim və mütəxəssisləri ümummilli lider Heydər Əliyevin 96 illiyini qeyd ediblər
May 10 , 2019 | 01:57 / Mühüm hadisələr
Oxunma ( 1795 )

Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və AMEA-nın professorlarının koordinasiya şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Heydər Əliyev və elmi gənclik" mövzusunda tədbir keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, eləcə də AMEA-nın professorları iştirak ediblər.

Tədbiri AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq "Heydər Əliyev və müasir elmi gənclik" mövzusunda çıxış edib. O, ümummilli lider tərəfindən intellektual nəslin formalaşması üçün silsilə addımların atıldığını, Azərbaycan gənclərinin dünyanın bir çox ölkəsində təhsil almağa göndərildiyini söyləyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu keçirilib, həmçinin ölkəmizdə Azərbaycan Gəncləri Günü təsis edilib. 

Natiq vurğulayib ki, bir çox sahələrdə olduğu kimi Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını da məhz ümummilli lider Heydər Əliyev qoymuşdur.

 

 F.Salmanov, həmçinin H.Əliyevin gənclərin elmi-ictimai fəaliyyətinin artırılması, stimullaşdırılması, gənclərin milli ruhda tərbiyələndirilməsi, onların ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği istiqamətində mühüm işlər gördüyünü və bu gün GAMŞ-ın öz fəaliyyətində ümummilli liderin sözügedən ideyalarından bəhrələndiyini vurğulayıb: "Ona görə Akademiyada fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası da elmlə məğul olan gənclərin elmi-ictimai fəaliyyətinin artırılması, stimullaşdırılması, gənclərin milli ruhda tərbiyələndirilməsi, onların ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği ilə əlaqədar işləri həyata keçirərkən Heydər Əliyevin  gənclik, elm və cəmiyyət haqqındakı siyasi idealogiyasına sadiqlik göstərilərək bu ideolgiyadan yetərincə bəhrələnir".

Onun sözlərinə görə, hazırda akademiyada ulu öndərin elmi ideyalarından irəli gələn vəzifələri əsas tutaraq gənclərin cəmiyyətdə rolunun önə çəkilməsi istiqamətində addımlar atılır, müsabiqələr və mükafatlandırma tədbirləri həyata keçirilir: "Heydər Əliyevin həyat yolu və idealogiyası təkcə Azərbaycan gəncləri üçün deyil, bötüvlükdə hər bir vətəndaşımız üçün bir təcrübə və örnəkdir. Milli-mənəvi ruhda öz inkişafı üçün bu yolu rəhbər tutatn şəxslər, o cümlədən gənclər vətəndaş və cəmiyyət münasibətində ulu öndər kimi vətənpərvər və qətiyyətli olacaqlar".

Ulu öndərin gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən F.Salmanov ölkəmizdə bu günə kimi gənclərlə bağlı iki Dövlət Proqramının başa çatdığını, hazırda isə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icra olunduğunu, eyni zamanda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edildiyini xatırladıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradıldığını, Gənclər üçün Prezident Mükafatının təsis edildiyini söyləyib: "Tam əminliklə söyləmək olar ki, Akademiya gəncliyi dövlət siyasətində olduğu kimi, ulu öndər, ümumilli lider Heydər Əliyevin bizim üçün müəyyənləşdirdiyi elm siyasətinə də daim sadiqdir və bu siyasətin yaşaması üçün lazım olan bütün fədakarlığı göstərərir".

Tədbirdə, həmçinin AMEA-nın professorları - Rövşən Bəndəliyevİlqar Məmmədov, Aynur Sabitova, Milli Azərbaycan Tarixi Muzeyinin GAMŞ sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və digərləri çıxış edərək ulu öndərin gənclər siyasətindən, bu gün ölkəmizdə elmə və təhsilə göstərilən dövlət qayğısından danışıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.