Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda gənclər üçün “akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi tədqiqat işi" müsabiqəsi qalibləri mükafatlandırılıb
İyn 04 , 2019 | 02:23 / Elmi müsabiqələr
Oxunma ( 1754 )

04 iyun 2019-cu il tarixdə AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən gənc alim və mütəxəssislər – doktorant, dissertant, magistrantlar arasında elan olunan gənclər üçün “akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi tədqiqat işi" müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, son illər Akademiyada gənclərin elmi-ictimai fəallığı nəzərə çarpır: “Bu da təbii ki, Akademiya rəhbərliyinin gənc elm adamlarına olan diqqət və qayğısından irəli gəlir. Bunun məntiqi nəticəsidir ki, həm elmlər doktorluğu, həm də fəlsəfə doktorluğu üzrə müdafiə edənlərin həm sayında, həm də yerinə yetirdikləri elmi-tədqiqat işlərinin keyfiyyətində, onların təqdim olunmasında artım baş verib”.

V.Fərzəliyev dedi ki, Aşqarlar Kimyası İnstitutunda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən istər adlı mükafat, istərsə də elmi müsabiqələr artıq ənənəvi hal alıb: "Bu isə imkan verir ki, gənc tədqiqatçılar müəyyən qədər həm maddi dəstək ala bilsinlər, eyni zamanda elmi məruzə etmək, elmi məqalə yazmaq vərdişlərinə yiyələnə bilsinlər, sözün əsl mənasında sabahın əsl istedadlı alimi kimi yetişə bilsin”.

Akademik qeyd etdi ki, artıq 5 ildir tətbiq olunan bu təcrübə demək olar ki, özünü doğruldur: “Çünki ildən ilə müsabiqəyə maraq göstərən gənclərin sayı artmaqla, onların elmi məruzələrini keyfiyyəti və təqdimatları da üzvi kimya, zərif üzvi kimya, neft kimyasının olduqca aktual, maraq doğuran məsələlərinə həsr olunur”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxışında qeyd etdi ki, gənc tədqiqatçılar arasında sağlam elmi rəqabət yaratmaq baxımından müsabiqələr çox uğurlu və beynəlxalq təcrübədir: “Sevindirici haldır ki, Akademiya rəhbərliyi ildən ilə gənc alimlər arasında keçirilən elmi müsabiqələrin həm sayını, həm də çeşidini artırıb. Təkcə bu il Azərbaycanda ilk dəfə təsis olunan “Elm Günü”nə həsr olunan, “qadınlar elmdə”, “Magistr-2019”, “Gənc kimyaçılar elmdə” və sair müsabiqələr keçirilmi və keçirilməkdədir”.

F.Salmanov qeyd etdi ki, sevindirici haldır ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq kimyaçı gənclərimizlə akademik elmdə bir neçə ilklərə imza atmışıq: “Bu aspektdə kimyaçı gənclərimiz üçün ilk dəfə yay məktəbi, orta məktəbdə kimya gecəsi kimi önəmli elmi tədbirlər gerçəkləşdirdik”.

Şura sədri vurğuladı ki, Akademiya rəhbərliyinin bu siyasətinə yerli institut və təşkilatların, o cümlədən Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “gənclər üçün akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi tədqiqat işi” məruzə adlı ənənəvi müsabiqələrlə dəstək verməsini yüksək qiymətləndirmək olar.

Hər iki müsabiqədən söz salan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev qeyd etdi ki, bu dəfə də əvvəlki kimi namizədlərin seçimi zamanı məruzənin mövzusunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırması səviyyəsi və mövzu ilə əlaqədar dərc etdiyi elmi əsərlər kimi bir neçə əsas meyar müəyyənləşdirilmişdir. O vurğuladı ki, istər gənclər üçün “Akademik Əli Quliyev adına mükafat”, istərsə də “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qaliblərinin seçilməsi zamanı ekspert dəyərləndirilməsi şəffaf aparılıb.

Müsabiqə Komisiyasının üzvi, k.ü.f.d. Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də məruzə təqdimatlarında müşahidə etdiyi üstünlüklərdən danışdı.

Sonda qaliblərə diplomlar təqdim olundu.

Qeyd edək ki, hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə “134” balla 3 saylı laboratoriyanın disertantı Günay İsmayılova müsabiqənin I yerinə, 8 saylı laboratoriyanın dissertantı Könül Qəhrəmanova “112” balla müsabiqənin II yerinə, “107” balla 7 saylı laboratoriyanın dissertantı Ulduz Cəfərova müsabiqənin III yerinə, “87” balla 6 saylı laboratoriyanın dissertantı Lamiyə Kazımzadə müsabiqənin həvəsləndirmə mükafatına, son bir ildəki elmi nailiyyətlərinə görə isə, 9 saylı laboratoriyanın kiçik elmi işçisi, k.üf.d. Nəzər Nəzərov “Gənclər üçün Akademik Əli Quliyev” mükafatına layiq görülmüşlər.

Son bir ildə AMEA Aşqarlar Kimyası İnstitutunun, o cümlədən gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyətinə geniş informasiya dəstəyi verən “AZƏRTAC” İnformasiya Agentliyinin müxbiri Şahnaz Abdullayev və “Azedu.az” Təhsil Portalının baş redaktoru Elmin Nuri təşəkkürnamə ilə təltif edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.