Gənc alimlər AMEA-nın mənzil bölgüsü ilə bağlı yayılan böhtanlara münasibət bildirdilər
İyn 07 , 2019 | 03:34 / Müsahibələr, çıxışlar
Oxunma ( 1827 )

"Çünki gələcək elmimizin qarantı, məhz perspektivli gənc alimlərimizdir, işbazlar və dəllallar deyil! "

 

Bəzi "xəbər portal"ları mövzu olsun, böhtan olsun, ... prinsipilə fəaliyyət göstərir ki, nəticədə cəmiyyət,  o cümlədən sadə xalq həqiqətən də nəyin doğru və nəyin yanlış olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Məsələn, son günlər süni gündəm halına gətirilmiş Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin mənzil problemi...! Məsələnin mahiyyəti ilə yaxından tanışlığı olmayan, bu problemi reytinq xətrinə gündəmdə saxlamağa cəhd edənələrin elementar təhlillər apara bilməməsi böyük şübhə doğrur.  Və yaxud bu məsələdə hansısa şəxsi maraqlar kəsişir. Çox güman ki, ikinci versiya daha ağlabatandır.

Məlumat üçün qeyd edək ki, sözügedən yataqxanada mənzili olmayan heç bir alim kənarda qalmayıb. Kim kənarda qalıbsa, Akademiya tərəfindən yayılan rəsmi açıqlamada deyildiyi kimi, o ya AMEA-nın əməkdaşı deyil, ya da mənzil bölgüsü məsələsi gündəmə gələn ərəfələrdə  evini (bəziləri villasını) kiməsə bağışlayıb, ya da ən yaxşı halda qohumuna və yaxınlarına satıb. Axı bu dövrdə kim kimə mənzil bağışlayır? Bir halda ki, söhbət yataqxanada yaşayan və böyük sosial problemləri olan kəslərdən gedir.  Digər tərəfdən, AMEA tərəfindən formalaşdırılan "Mənzil komissiyası"nın müəyyənləşdirdiyi faktları görmək üçün nə "alim" , nə də "araşdırmaçı jurnalist" olmaq lazım deyil! 

AMEA-nın rəsmi saytı tərəfindən göstərilən linkdə (http://science.az/news/open/10526) ev ala bilməyən AMEA mənsublarının, o cümlədən AMEA ilə heç bir əlaqəsi olmayanların siyahısı və səbəbləri göstərilib. Bundan başqa, rəsmi qurumların  həmin siyahıda göstərilən əksər "yataqxana sakinləri"nin Bakı şəhərində bəlli ünvanlarda həm qaz və həm də elektrik abonentləri olmalarını açıq göstərir. Burdan belə bir sual doğur - Bakı şəhərində mənzili olmayan, o cümlədən mənzil bölgüsü gündəmə gələn ərəfələrdə mənzillərini satmayan, bağışlamayan və yaxud hansısa ünvanda adına mənzil tapılmayan hansı AMEA-nın əməkdaşı mənzil bölgüsündən kənarda qalıb? Yaxşı olardı ki, bu məsələni süni qabardan, gündəmdə saxlayanlar buna cavab versinlər!

Məsələnin digər tərəfisə ondan ibarətdir ki, illərdir aspirantlara məxsus yataqxananı "özəlləşdirən"lər, neçə perspektivli gəncin elmdən uzaqlaşmasına birbaşa səbəbkar olanlar bu gün sosial problemlərdən, mənzilə haqları çatmalardan bəhs edir.  Halbuki adından göründüyü kimi o yataqxana Sovet dönəmindən bəri aspirantura (indiki doktorantura) təhsili alan gələcəyin alimlərinə yalnız 3 illik müddətində verilirdi. Sonralar yaranan hərcmərclikdən geni-bol istifadə edən "işbaz"lar və "dəllal"lar,  hətta əksər hallarda AMEA ilə heç bir əlaqəsi olmayanlar (!)  gənclər üçün nəzərdə tutulan yataqxananı qəsb etməklə, neçə istedadlı gəncin elmdən kənarda qalmasına səbəb olmuşlar. Halbuki özlərinin heç kəsə məlum olmayan “elmi fəaliyyətləri” ilə dar çərçivədə belə tanına bilməyiblər. Unutmayaq ki, bu gün yataqxana sakinlərindən (adlarına şəhərin mərkəzində evi və villaları olan) daha acınacaqlı vəziyyətdə yaşayan, illərdir kirayə pulu verməyə məhkum olan neçə gələcəyi perspektivli hesab edilən gəncimiz var...

Yaxşı olardı ki, bundan sonra AMEA rəhbərliyi yataqxanada məskunlaşan və həqiqətən də mənzilə ehtiyacı olan AMEA əməkdaşlarını ədalətli bölgü nəticəsində mənzillə təmin etdikdən sonra, qalan mənzulləri məhz xüsusi istedada malik gənclərimizə versin. Çünki gələcək elmimizin qarantı, məhz perspektivli gənc alimlərimizdir, işbazlar və dəllallar deyil! 

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.