Fotos
Gənc fizik alimlər Saatlıda məktəblilərlə görüşüblər
İyn 12 , 2019 | 10:55 / Mühüm hadisələr
Oxunma ( 1853 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Saatlıda ezamiyyətda olublar. Ezamiyyətdə məqsəd rayonun məktəbliləri ilə gənc alimlərin görüşünü təşkil etmək, onlarda fizika elminə maraq yaratmaq və Fizika İnstitutunun fəaliyyəti, burada aparılan tədqiqatlar haqqında məktəbliləri tanış etmək olub. Görüş Saatlı rayonu 4 saylı tam orta məktəbdə təşkil olunub.

Tədbiri giriş sözü ilə rayonun İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsləhətçisi Elşən Əzizov açıb. O, gənc alimlərlə şagirdlərin görüşünün faydasından bəhs edib.

Görüş GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədovanın çıxışı ilə davam edib. O, yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib. Ü.Səmədova təcrübələr haqqında məktəblilərə məlumat verib. Gündəlik həyatda baş verən bir çox hadisələrin fizika elmi ilə əlaqəsinin olduğunu vurğulayıb. Qeyd edib ki, fizika elmini öyrənməklə ətraf aləmdə  olan bir sıra faktları və hadisələri dərindən öyrənmək mümkündür. Ü.Səmədova Fizika İnstitutunda magistratura pilləsinin fəaliyyət göstərdiyini, gələcəkdə məktəblilərin təhsilini burada davam etdirmək imkanlarının olduğundan bəhs edib.

Sonda Şura üzvləri məktəblilər qarşısında çıxış ediblər, onlara müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, təcrübələrin geniş izahı verilib, suallar cavablandırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.