Fotos
AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlıq yeni müstəvidə davam etdiriləcək
İyn 20 , 2019 | 10:29 / Görüşlər
Oxunma ( 1571 )

Ölkəmizdə işgüzar səfərdə olan "Clarivate Analytics” (Thomson Reuters) agentliyinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovla görüşüblər.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Təşkilatın Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin agentliyə aid bazalarda AMEA-nın göstəricilərini digər region ölkələrinin elmi mərkəzlərinin göstəriciləri ilə müqayisə edib. Direktor baza məlumatları əsasında elmi əsərlərin sayına görə Azərbaycanın ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlməsini xüsusi olaraq qeyd edib. Təşkilat rəsmisi digər elmi sahələrdən fərqli olaraq humanitar sahənin alimlərinin elmi bazalarda az təmsil olunduğunu bildirib. O, bu sahənin alimlərinin bazanın imkanlarından faydalanmağa cəlb edilməsi məqsədi ilə təşkilatın təkliflərini səsləndirib. Bununla əlaqədar ictimai və humanitar elm sahələrində alimlərin elmi nəticələrinin bu bazalarda yerləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra “Clarivate Analytics”in Təhsil proqramları üzrə direktoru Valentin Boqorov təşkilata daxil olan elmi bazalarda AMEA-nın mövcud vəziyyəti haqqında elmi-analitik məlumatları təqdim edib və fəaliyyətin yeni meyarlar əsasında qurulmasının zəruriliyini vurğulayıb.

Görüşdə AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA-nın “Clarivate Analytics” təşkilatı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 2016-cı ildə “Clarivate Analytics” təşkilatı ilə AMEA arasında sazişin imzalandığnı xatırladan Ə.Sadıqov hazırda AMEA-nın bütün elmi müəssisə və təşkilatlarından alim və mütəxəssislərin “Web of Science” bazasından geniş istifadə etdiyini bildirib və baza məlumatları əsasında AMEA-nın statistik və analitik göstəricilərinin əvvəlki illərlə müqayisədə keçən il daha yüksək olduğunu qeyd edib.

Ə.Sadıqov bildirib ki, ötən həftə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş elmi dərəcələr və adların verilməsi qaydaları haqqında əsasnamələrdən irəli gələn tələblər də göstərir ki, bundan sonra doktorant və dissertantlar elmi dərəcə almaq üçün beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə daha çox məqalə dərc etməlidirlər. Bu isə elmi bazalardan istifadəni daha da genişləndirəcək.

Daha sonra “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə son 5 ildə “Web of Science” bazasında indeksləşən jurnallarda AMEA alimlərinin 3 minə yaxın məqaləsinin dərc edildiyini bildirib. Ekspert bazanın imkanlarından istifadə üçün bir sıra tələbləri sadalayıb, yeni modulların hazırlandığını deyib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil baş idarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov da iştirak edib.

Sonda region ölkələrinin elmi mərkəzlərinin təşkilatla əməkdaşlıq səviyyəsi, jurnalların beynəlxalq elmi bazalara inteqrasiyası və s. mövzularda fikir mübadiləsi aparılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.