Fotos
BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib
İyn 25 , 2019 | 02:50 /
Oxunma ( 67 )

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mərhum professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib. 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Ombudsman Elmira Süleymanova, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Vergilər naziri Mikayıl Cabbarov, Mədəniyyət naziri Əbülfəz Qarayev, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, millət vəkilləri, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.
Mərasimdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək Şirməmməd Hüseynovun yüzlərlə jurnalistin ustadı, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından biri olduğunu deyib.O, bildirib ki, Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Rektor çıxışının sonunda Şirməmməd müəllimin özündən sonra heç zaman unudulmayan bir tarixi iz qoyduğunu diqqətə çatdırıb. Xüsusi olaraq qeyd edilib ki, Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən professor Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi onun bu və digər xidmətlərinə verilən yüksək qiymətdir.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili  Bəxtiyar Sadıqov, BDU-nun Ağsaqqalları adından akademik Vasif Babazadə professor Şirməmməd Hüseynov haqqında xatirələrini bölüşüb, ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Sonda mərhumun qızı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva bu səhnədə dayanmağın onun üçün ağır olduğunu ifadə edib. O, atasının çox şərəfli və ləyaqətli ömür yaşadığını vurğulayıb. Bildirib ki, bu ömür yolunda qoyduğu miras onun təmiz adı, ləyaqəti idi. Atam həmişə BDU-nu özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bura gəlib-gedib. Onun düşüncəsində BDU Azərbaycanın bir modeli idi. Cümhuriyyətin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi. F. Əliyeva qeyd edib ki, professor Ş. Hüseynov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını görüb. Sonda Fərəh Əliyeva Şirməmməd Hüseynovun vida mərasiminə gələn hər kəsə təşəkkür edib. 
Qeyd edək ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında dünyasını dəyişib.

Mətbuat və informasiya şöbəsi, 25 iyun 2019-cu il. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.