Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi keçiriləcəkdir
İyn 28 , 2019 | 04:14 / Mühüm hadisələr
Oxunma ( 2136 )

Gələn ayın 9-dan başlayaraq Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbinə start veriləcəkdir. Qəbələ Arxeoloji Mərkəzində bir həftə ərizində davam edəcək yay məktəbinin təşkilatçıları  AMEA-nın İctimai Elmləri Bölməsi (İEB) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasıdır.

Respublikanın müxtəlif elm və təhsil müəssisələrinin gəncləri dünyanın turizm mərkəzinə çevirlməkdə olan qədim şəhərdə  müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, arexologiya elminin problemlərinə dair interaktiv mühazirələri dinləmək imkanlarını qazanacaqlar. Belə ki, yay məktəbinin ilk günlərində respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələri və ümdə əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə gənclərin cəlb olunması tədbirin əsas məqsədini təşkil edir. Bu vəsilə ilə yay məktəbinin gedişində üç elmi panel mövzusu daxilində konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.

Yay məktəbində iştirak edən gənclər üçün dünyanın sivilizasiya tarixi və mədəniyəti üçün böyük əhəmiyyət kəsb edən “Leylatəpə” arxeoloji mədəniyyətinə aid “Qala yeri” abidəsində çöl tədqiqatları də nəzərdə tutulur. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.