Fotos
AMEA magistrlərinin yeni təqdimatda “Məzun günü” keçirilib
İyl 05 , 2019 | 03:19 /
Oxunma ( 1649 )

İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistrlərinin “Məzun günü” keçirilib.

Tanınmış elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri AMEA-nın 2019-cu il məzunlarından Aysel Məmmədova və Gəray Əşirov açıq elan ediblər. Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən magistrlər Səidə Nuriyeva, Sadiq Yusifov, Rüfət Əsəfzadə AMEA-nın məzunu adını daşımaqdan qürur duyduqlarını, onlara olan ümidləri doğrultmağa çalışacaqlarını söyləyiblər. Keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə AMEA-nın rəhbərliyinə təşəkkürünü bildirən məzunlar bundan sonra da elmi fəaliyyətlərini uğurla davam etdirmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.

AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov akademiyada magistraturanın yaranma tarixindən danışıb. O, akademiyada magistratura təhsilinin təsis edilməsi üçün AMEA rəhbərliyi tərəfindən Prezident İlham Əliyevə olunan müraciəti xatırladıb.

Akademiyada ali təhsilin magistratura pilləsinin 2015-ci ildə dövlət başçısının dəstəyi ilə yaradıldığını deyən Ə.Sadıqov bunu elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Bildirib ki, akademiyada təhsil alan magistrlər beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşür, fikir mübadiləsi aparır, həmçinin müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçirlər.

Qeyd olunub ki, AMEA-da magistratura təhsilinin müasir səviyyədə təşkili və magistrlərin peşəkar mütəxəssis kimi yetişmələri üçün elmi müəssisələrdə müasir tələblərə cavab verən tədris mühiti yaradılıb. AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında yaradılan təhsil şöbələri akademiyada magistratura və doktorantura təhsili ilə bağlı bütün məsələlərin operativ həlli üçün geniş imkanlar açır.

Ə.Sadıqov gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığını, akademiyanın magistrlərinin işlə təmin olunduqlarını, eyni zamanda, qrant layihələrə cəlb edildiklərini vurğulayıb. Bildirib ki, bu tədris ili üçün magistraturaya 121 tələbə qəbul olunub. Hazırda məzun olmuş 75 nəfərdən 51-i AMEA-nın əməkdaşıdır. Məzunların altısı xaricdə olmaqla 44 nəfəri təhsillərini doktorantura səviyyəsində davam etdirir. Bu da Azərbaycanda elmi varisliyin qorunması baxımından olduqca vacibdir.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, fizika-riyaziyyat üzrə elmlər doktoru Mirbaba Babayev, akademik Vaqif Abbasov institutlarda magistrlərə keyfiyyətli təhsil almaları üçün yaradılan imkanlardan söz açıb, məzunlara qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistrləri təhsillərini başa vurmaları münasibətilə təbrik edib.

Sonda məzunlara diplomlar təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.