Fotos
Kimyaçı gənc alimə elmlər doktoru diplomu təqdim olunub
İyl 17 , 2019 | 10:26 /
Oxunma ( 2483 )

Bu gün AMEA Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri, həmçinin həmin müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən kimya üzrə elmlər doktoru diplomu təqdim olunub.

Respublikanın ən perspektivli və istedadlı gənc kimyaçı alimi hesab edilən Əfsun Sucayev 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilinə Züvüç kənd orta məktəbində başlayan vunderkind, 1997-cı ildə Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseyini yüksək göstəricilərlə bitirmişdir. Azərbaycanın ən gənc elmlər doktorları sırasında yer alan gənc alim 2001-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə isə magistr məzunu olur.

Hər iki ali təhsil pilləsi üzrə fərqlənmə diplomuna yiyələnən gənc alimin elmlə bağlı zəngin yaradıcılıq yolu elə həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına (indiki doktorantura) daxil olmaqla kəsişir. Belə ki, Əfsun müəllim 2008-ci ildə “Üzvi kimya” ixtisası üzrə “Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri” mövzusunda dissertasiya işini müvəfəqiyyətlə müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görulur. 2017-ci ildə isə gənc alimə dosent elmi adı verilir.

2012-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına (qiyabi) qəbul olunur və altı ildən sonra “Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiya işini Bakı Dövlət Universitetinin nəzdindəki D 02.011 Dissertasiya Şurasında uğurlar müdafiə etmişdir.

Xüsusi istedadı ilə fərqlənən gənc alim peşəkar əmək fəaliyyətinə 2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun “Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında kiçik elmi işçi kimi başlayır. Tezliklə o, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrinə yüksəlir. 2018-ci ildən isə işlədiyi laboratoriyanın müdiri vəzifəsinə təyin olunur.

2014-2015-ci illərdə Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texniki və Atatürk universitetlərində elmi təcrübə keçən Ə.Sucayev, hazırda bir sıra nüfuzlu elmi mərkəzlərlə əməkdaşlıq edir. Belə ki, onun ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzinin əməkdaşları ilə nəzəri kimyanın kompüter kimyasına tətbiqi, eləcə də Türkiyə, İtaliya, Rusiya və Belarus alimləri ilə canlı orqanizmdə baş verən patoloji hallara qarşı antioksidant, karbon anhidraz I, II izoenzimlər üzrə inhibitorların sintezi və fizioloji fəallığının tədqiqi ilə bağlı müştərək beynəlxalq tədqiqatları davam etdirilir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun, 2014, 2018-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Elm Fondunun gənc alim və mütəxəssislər arasında keçirdiyi qrant müsabiqələrinin qalibi elə həmin ildə səmərəli elmi nailiyyətlərinə görə gənclər üçün təsis edilmiş “akademik Əli Quliyev mükafatı”na layiq görülmüşdür.

Gənc alimin 2018-ci ildə layiq görüldüyü mükafat elmimiz üçün həm coğrafiya, həm də tarixi naliyyət baxımından xeyli əhəmiyyətli hesab edilir. “Web of Science”də yüksək istinad almış 2 məqalə müəllifi nominasiyasına görə “Clarivate Analytics” (Thomson Reuters) qlobal şirkətinin “Web of Science Awards 2018” birgə mükafatını qazanmaq gənc alimin zəngin elmi fəaliyyətinə verilən ən yüksək qiymətlərdən hesab etmək olar. Bu gün də eyni əzm və ruh yüksəkliyi ilə Azərbaycan elminə töhfə verən, onun sərhədlərinin genişləndirilməsində xüsusi əməyi olan gənc alimin "Google Scholar Citations" və “ResearchGate” qlobal informasiya şəbəkələrində 25 elmi əsəri ən yüksək beynəlxalq elektron sistemlərinə daxil edilmiş, onlara ABŞ, Çin,Yaponiya, İtaliya, Almaniya, Fransa, Türkiyə, Rusiya və s. elmdə gəlişmiş ölkələrin alimləri tərəfindən  453 istinad edilmişdir.

 

Ümumilikdə 71 elmi əsərin, o cümlədən bir monoqrafiyanın, 2 Azərbaycan Rerpublikasının Patentinin, 45 məqalənin (6-ı tək müəllifli məqalə) və çoxsaylı tezislərin müəllifi elmi biliklərini və zəngin təcrübəsini 2016-cı ildən bəri AMEA Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsində “Üzvi kimya” ixtisası üzrə təhsil alan magistrlərlə müəllim statusunda bölüşür. Belə ki, Əfsun müəllim “Zərif üzvi sintez” fənni üzrə mühazirə və laboratoriya dərslərini tədris etməklə, 2 doktorantın və 2 magistrin elmi işinə rəhbərlik edir.

 

Zəngin elmi yaradıcıllıq faəliyyətilə bərabər, Əfsun Sucayev həm də çalışdığı İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü kimi respublikada təşkil olunan çoxsaylı elmi-ictimai müsabiqələrin, idman yarışlarının, həmçinin beynəlxalq konfrans və forumların elmi təşkilat komitələrinin və üzvü olmuşdur. Ölkənin hüdudlarından kənarda bir sıra beynəlxalq forum, konfrans və görüşlərdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasını təmsil etmişdir.

 

Gencalimler.az saytı gənc alimimizi ömrünün gənc çağında belə yüksək müvəfəqiyyətə nail olduğu üçün təbrik edir, ona elmin əlçatmaz zirvələrinin fəthində uğurlar arzulayır.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.