Avg 17 , 2019 | 09:05 / Mühüm hadisələr
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (II mərhələdən sonra) təqdim edib.
Xatırladaq ki, DİM 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də açıqlayıb.
DİM-dən bildirilib ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. Birinci mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42 min 62 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88,06 idi.
Beləliklə, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43 min 480 (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17 min 947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25 min 533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91,03 olub.
İxtisas qrupları üzrə qəbulun statistikası ilə DİM-in saytında (http://www.dim.gov.az/news/4025/) tanış olmaq mümkündür.
Qeyd edək ki, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 faiz, 20 ali təhsil müəssisəsində 90 faizdən, 9 ali təhsil müəssisəsində 80 faizdən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70 faizdən çox dolub.
Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunublar. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56,92 faizinin, Bakı Biznes Universitetinə qəbul olunanların 51,45 faizinin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39,44 faizinin subbakalavrlar olduğunu görərik.
Xatırladaq ki, I mərhələdən sonra qəbul olunanlar avqustun 27-dək boş qalan yerlərə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.