
Sen 16 , 2019 | 11:33 /
"Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında lisey fəaliyyət göstərə bilər. Akademiyada liseyin yaradılması nəzərdə tutulan məsələlərdən biridir. İstərdik ki, X-Xl sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar akademiyada lisey fəaliyyətə başlayacaq".
AzEdu.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.
O xatırladıb ki, gələn il martın 27-də akademiyanın 75 illiyidir: "Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər".
Akif Əlizadə deyib ki, kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur: "Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə, AMEA magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirir”.
AMEA-nın magistraturasını bitirmiş magistrlərin əksəriyyətinin təhsillərini doktorantura və dissertantura pilləsində davam etdirməyə nail olduqlarını qeyd edən akademik A.Əlizadə 74 məzundan 48-nin öz yüksək təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirdiyini, 5 nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olduqlarını, bu ilin məzunlarından 1 nəfərin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasasına tam təqaüdlə qəbul edildiyini bildirib.
AMEA prezidenti cari ilin qəbul nəticələri haqqında da məlumat verib: “AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur. İlk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına bu ildən start verdi. AMEA-nın magistraturasına bu il 22 ixtisas,75 ixtisaslaşma üzrə 120 tələbə qəbul oldu. Bu da plan yerlərinin 90.2%-nin dolması deməkdir. Hansı ki, bir çox universitetlər bakalavr pilləsinin olmasına baxmayaraq bu göstəriciyə malik deyillər”.