Fotos
AMEA-da “Bilik günü” qeyd edilib
Sen 16 , 2019 | 01:52 / Mühüm hadisələr
Oxunma ( 2388 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Bilik günü” münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Akademik 2015-ci ildə Prezident İlham Əliyevin dəstəyi ilə AMEA-nın çox müqəddəs və məsuliyyətli bir uğura imza atdığını söyləyib, AMEA-nın magistraturasına ilk qəbulun həyata keçirildiyini və bunun elmi ictimaiyyət tərəfindən uğurla qarşılandığını deyib.

Qeyd edib ki, Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqi akademiyaya magistratura pilləsinin yaradılması üçün həm stimul, həm də hüquqi dəstək verib. Bu da öz növbəsində Milli Strategiyada Azərbaycanda elmi məktəblərin qorunması və elmin varisliyinin təmin edilməsi ilə yanaşı, ölkədə elmi tədqiqatların mərkəzi olan AMEA-nın yüksəkixtisaslı kadrlar hazırlanması sahəsində fəaliyyətinin yeni əsaslarla qurulmasını ön plana çəkir.

AMEA-nın rəhbəri akademiyada magistratura yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə hədəfləndiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA magistraturasına indiyədək qəbul olunmuş 204 nəfərin 166-sı təhsil almaqla yanaşı, həm də əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirir”.

Akif Əlizadə akademiyada elm və təhsilin inteqrasiyasına da çox ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb: “Bu məsələ AMEA-nın əsas prioritetlərindən biridir. Çünki günümüzün dinamik qlobal iqtisadiyyatı bilgi və bilgilərin inkişafına əsaslanır. Bu isə o vaxt uğurlu olur ki, təhsilalanın iştirakçısı olduğu cəmiyyət bir neçə elmi biliyə yiyələnir və multidisiplinar keçidə hazır olur. Yaradıcı, uyğunlaşabilən, tənqidçi, işbirliyi bacaran kadr hazırlamaq üçün elmlə inteqrasiya olunmuş təhsil bilikləri auditoriyada və praktikada öyrətmənin ən effektiv yoludur və təhsilalanlara çoxtərəfli tədqiqat aparmaq imkanı yaradır”.

Akif Əlizadə bildirib ki, AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyəti təhsillərini doktorantura və dissertantura pilləsində, 74 məzundan 48-i öz təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirib. Akademik beş nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunduqlarını, bu ilin məzunlarından 1-nin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasına tam təqaüdlə qəbul edildiyini bildirib.

Akif Əlizadə institutlarda müasir tələblərə cavab verən auditoriyalar, praktik dərslərin aparılması üçün müasir laboratoriyalar, eləcə də maddi-texniki tədris bazanın təkmilləşdirilməsi prosesindən, magistrantların elmi nailiyyətlərinin artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticələr göstərən tələbələrin fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il təşkil edilən “Magistr” müsabiqəsindən də bəhs edib. Bu ildən isə yüksək balla magistraturaya daxil olan, həmçinin elm və təhsildə fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdünün veriləcəyini bildirib: “Bu, tələbələrin elm və təhsilə marağını artırmaqla yanaşı, həm də onların sosial durumunu daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Artıq AMEA-nın yataqxanası magistrantların sosial şəraitinin yaxşılaşdırılması üçün öz imkanlarını səfərbər edib. Bu da o deməkdir ki, magistrantlarımız bizim tələbəmiz olmaqla yanaşı, həm də bizim əməkdaşımız və sakinimizdir. Bu tendensiya davam etdiriləcək və növbəti mərhələdə innovativ dissertasiya mövzularını dəstəkləmək üçün “tələbə qrantı”nın da elan edilməsi nəzərdə tutulur”.

AMEA-nın prezidenti cari ilin qəbul nəticələri haqqında da məlumat verib: “AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur. İlk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına bu ildən start verdi. AMEA-nın magistraturasına bu il 22 ixtisas,75 ixtisaslaşma üzrə 120 tələbə qəbul oldu. Bu da plan yerlərinin 90,2 faizinin dolması deməkdir, hansı ki, bir çox universitetlər bakalavr pilləsinin olmasına baxmayaraq bu göstəriciyə malik deyil”.

Sonda akademik Akif Əlizadə tədrisə cəlb olunmuş elmi rəhbərlərə və müəllimlərə müraciət edərək akademiyaya layiqli kadrlar yetişdirilməsi üçün əllərindən gələni əsirgəməməyi tövsiyə edib.

Sonra AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov magistraturaya qəbulun nəticələri haqqında statistikanı nəzərə çatdırıb. Ötən illər ərzində akademiyada magistratura fəaliyyəti, AMEA-nın magistratura pilləsi üzrə təhsil siyasətində tətbiq edilən yeniliklər və əldə olunan nailiyyətlərdən danışıb.

Daha sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun I kurs ən yüksək bal toplamış magistrantı Xalidə Əliyeva, Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Xəyal Əsgərli, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Firuzə Rzayeva, Geologiya və Geofizika İnstitutunun məzun magistri Yusif Əliyev çıxış ediblər.

Tədbirdə AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub. Bundan başqa, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri Almaz Tağıyeva, Nizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərov, İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya döş nişanları təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.