
Sen 21 , 2019 | 12:39 / Müsahibələr, çıxışlar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının üç minə yaxın üzvünün əksəriyyətinin mənzil təminatı ilə əlaqədar böyük problemləri davam etməkdədir. Çoxsaylı perspektvli gənc alimlərimiz evsizlik və uzun müddət kirayədə yaşamaqla barışmayaraq, məvacibi daha yüksək olan sahələrdə çalışmaq məcburiyyətində qalır və elmi tədqiqat işlərindən uzaqlaşırlar. Bunu nəzərə alaraq, AMEA-da çalışan gənc alim və mütəxəssislər Alimlər şəhərciyi” (“Science City”) yaşayış kompleksi üçün hissə-hissə geri qaytarılması qaydasında dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üzrə vəsaitin ayrılmasına lazımi dəstək verilməsi barədə dövlət başçısına müraciət ediblər. Həmin müraciətdə deyilir:
Möhtərəm cənab Prezident! AMEA əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sizin təşəbbüsünüz, eyni zamanda dəstəyiniz əsasında Akademiyanın istifadəsində olan Abşeron rayonu Saray qəsəbəsində “Alimlər şəhərciyi” (“Science City”) kooperativ yaşayış kompleksinin 2018-ci ilin mart ayında tikintisinə başlanılmışdır.
Lakin Akademiyanın gənc alimlərinin maddi durumu podratçı şirkət tərəfindən həmin kompleksdə olduqca münasib qiymətə təklif olunan mənzilləri almağa imkan vermir.
Bu baxımdan “Alimlər şəhərciyi” yaşayış kompleksində tikinti işlərinin sürətləndirilməsi məqsədilə investisiya qoyulmasına böyük zərurət yaranmışdır.
Bildiririk ki, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üzrə müəyyən vəsaitin ayrılması və həmin vəsaitinin müvafiq qaydada hissə-hissə geri qaytarılması barədə AMEA rəhbərliyi tərəfindən Sizə edilən müraciətlərə əsasən müvafiq göstərişlər verilsə də, aidiyyəti qurumlar tərəfindən sözügedən vəsaitin ayrılması istiqamətində tədbirlər görülmür.
Möhtərəm cənab Prezident!
Qeyd olunanları nəzərə alaraq AMEA əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz çoxsaylı tədbirlərin davamı olaraq, “Alimlər şəhərciyi” yaşayış kompleksində tikinti işlərinin sürətləndirilməsi məqsədilə, hissə-hissə geri qaytarılması qaydasında ilkin olaraq müəyyən məbləğdə investisiya vəsaitinin ayrılmasına lazımi dəstək verməyinizi Sizdən xahiş edirik.