Fotos
AMEA Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyi qeyd olunub
Okt 02 , 2019 | 06:49 / Mühüm hadisələr
Oxunma ( 1594 )

Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

Öncə tədbir iştirakçıları I Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru, professor Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, respublikanın ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar institutun fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə yığıncağın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 mart 2019-cu il tarixli “AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib. Alim ölkə başçısının digər Sərəncamı ilə institutun bir qrup əməkdaşının mükafatlara layiq görüldüyünü, bunun dövlətin elmimizə və alimlərimizə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb.

Akademik qurumun 1929-cu ildə “Azneft” İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırıldığını deyib. Natiq elmi müəssisənin 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına və s. həsr olunub. Akademik Akif Əlizadə qeyd edib ki, qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi-kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki-kimya və neftkimya sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görülüb.

Akademik Akif Əlizadə institut əməkdaşlarının bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr və nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib, yubiley münasibətilə onları təbrik edərək işlərində uğurlar arzulayıb.

Sonra akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Elmin zirvələrinə aparan 90 illik yol” adlı məruzə ilə çıxış edib. Natiq bildirib ki, rəhbərlik etdiyi qurum 1929-cu ildə Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb, 30 il sonra isə üç institut birləşdirilərək Neft-Kimya Prosesləri İnstitutu yaradılıb. Üç institutdan birinin Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu olduğunu deyən alim onun direktorunun dahi Yusif Məmmədəliyev olduğunu əlavə edib: “Dünyada tanınmış alim Y.Məmmədəliyevin institutumuzun şərəfli tarixində xüsusi yeri var. Təsadüfi deyil ki, o, iki dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. Onun 1946-cı ildə aldığı SSRİ dövlət mükafatı da bunun təsdiqidir”.

Akademik vurğulayıb ki, yarandığı gündən İvan Qutt, Matvey Kapelyuşnikov, Tahirə Tahirova, Nikolay Lutsenko, Hacı Həşimov, Yusif Məmmədəliyev, Vahab Əliyev, Murtuza Nağıyev, Musa Rüstəmov – institutun direktorları olublar. Həmin alimlər dünya şöhrətli elmi məktəblər yaratmaqla yanaşı, elmin sənayeyə tətbiqi sahəsində də böyük uğurlar qazanıblar. Natiq institutun şərəfli tarixini yaradanlar sırasında akademiklər – İzzət Orucova, Rüstəm İsmayılov, Əli Quliyev, Soltan Mehdiyev, Bahadur Zeynalov, Məhərrəm Məmmədyarov, Toğrul Şaxtaxtinski, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev, Akif Əzizov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, Ramiz Rizayev, Əjdər Məcidov, müxbir üzvlərdən – Məcid Mərdanov, Bilal Dadaşov, Nazil Canıbəyov, Fəzilə Səmədova, Nazim Hüseynov, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və başqalarının xüsusi yer tutduğunu əlavə edib.

V.Abbasov institutun fəaliyyət göstərdiyi bu müddət ərzində bir çox uğura imza atıldığını, mühüm elmi nəticələr əldə olunduğunu söyləyib. Qeyd edib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftlərindən bir neçə növ reaktiv yanacaqların alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabətqabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə də bu gün uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir. İlk raket yanacağının bu institut tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi “Ağ Naftalan yağı”nın alınma texnologiyası və digər elmi nəticələri sadalayıb. Qeyd edib ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatına layiq görülüblər.

Müxtəlif istiqamətli tədqiqatların bu gün davam etdirildiyini deyən V.Abbasov institutun istehsalatla əlaqəli işlədiyini bildirib. Vurğulayıb ki, respublikanın elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir.

Natiq bildirib ki, dövlət başçısı İlham Əliyevin növbəti Sərəncamına əsasən, institutun bir qrup əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Əməkdar elm xadimi”, “Əməkdar mühəndis” fəxri adları və “Tərəqqi” medalı ilə təltif olunub. V.Abbasov institutun şərəfli tarixinə və bu gününə böyük dəyər verdiyi üçün ölkə başçısı İlham Əliyevə, yubiley tədbirinin təntənəli şəkildə təşkilinə görə isə AMEA rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev yubiley münasibətilə institutun kollektivini təbrik edib. Bildirib ki, ölkəmizdə neft sahəsinin yüksəlişində bu elmi müəssisənin mühüm xidmətləri olub. SOCAR-la institut arasında sıx əlaqələrindən danışan R.Abdullayev bu əməkdaşlığı yüksək qiymətləndirdiyini, rəhbərlik etdiyi qurumun Neft-Kimya Prosesləri İnstitutunun fəaliyyətinə bundan sonra da dəstək verəcəyini vurğulayıb. İnstitut əməkdaşlarını yubiley münasibətilə bir daha təbrik edən SOCAR rəhbəri onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək institutun 90 illiyi münasibətilə əməkdaşları təbrik edib, ölkəmizdə neft-kimya sənayesinin inkişafında Neft-Kimya Prosesləri İnstitutunun xüsusi rolu olduğunu deyib. C.Bayramov institutun elmlə təhsilin inteqrasiyasına da böyük diqqət ayırdığını bildirib. Xüsusilə dərslik və dərs vəsaitlərinin hazırlanmasında institutun alimlərinin yaxından iştirakını yüksək dəyərləndirdiyini vurğulayıb. Nazir qurumun elmimizin dünyada daha da tanınmasına və yüksəkixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyətinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib, institutun kollektivinə gələcək işlərində müvəffəqiyyətlər diləyib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, professor Andrey Nikolayeviç Zelinski, professor Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən lahiyə və tədqiqatlardan, uğurlu nəticələrdən danışaraq, qurumun neft emalı və neft kimyası sahəsinə böyük töhfə verdiyini bildiriblər. Natiqlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.