Okt 04 , 2019 | 10:49 / Mühüm hadisələr
AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru, b.e.d. Dilzarə Ağayeva 16-20 sentyabr 2019-cu il tarixlərində Rumıniyanın Suçeava şəhərində keçirilən Meşə Tədqiqatları Təşkilatlarının Beynəlxalq İttifaqının “Meşə patogenləri və həşəratlarının əhəmiyyətində son dəyişikliklər” adlı işçi qrupunun təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq tədbirdə iştirak edib.
Azərbaycan da daxil olmaqla 22 ölkədən nümayəndələrin iştirak etdiyi tədbirin məqsədi dəyişən ətraf mühitdə meşə patologiyası və entomologiyası sahəsində müxtəlif mövzulu tədqiqatları bir araya gətirmək, gələcək perspektivləri müzakirə etmək idi.
D.Ağayeva tədbirdə “Azərbaycanda meşə ağac və kollarının unlu şeh göbələkləri” mövzusunda məruzə edib. O, həmçinin mikoloq həmkarlarla əməkdaşlıq perspektivləri barədə geniş müzakirələr aparıb, magistr və Ph.D tələbələrin xaricdə təcrübə keçmə imkanlarını araşdırıb.
Qeyd edək ki, 125 illik tarixə malik Beynəlxalq Meşə Tədqiqatları Təşkilatı Birliyi meşə elmi əməkdaşlığı üzrə qlobal şəbəkəni təmsil edir. IUFRO-ya üzv olan 700 təşkilat 110-dan artıq ölkədə çalışan 15.000-dən çox tədqiqatçını birləşdirir. Təşkilatın məqsədi elmi tədqiqatlarda üstünlüyə nail olmaq, məlumatları paylaşmaq, dünyada meşə ilə əlaqədar problemlərin meşələrin və insanların xeyrinə elmi yollarla həllinə yardım etməkdir.