Fotos
Gənc alimlər üçün bütün elm sahələrini əhatə edən növbəti beynəlxalq konfrans keçiriləcək
Okt 14 , 2019 | 07:00 / Mühüm hadisələr
Oxunma ( 3273 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında Akademiyanın Gənc Alim və Mmütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. İclasda Şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Sonra F.Salmanov qeyd edib ki, gələn il fevral ayında “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda gənc alim və mütəxəssislərin II Beynəlxalq Elmi Konfransı təşkil olunacaq.

F.Salmanov vurğulayıb ki, gənc alimlər üçün beynəlxalq konfransların təşkil olunması mütəmadi hal alıb: “Məqsədimizdə gənc alimlərimizin timsalında akademik elmin dünya elminə inteqrasiyasını sürətləndirmək üçün xarici tərəfdaşları Bakıya toplamaq və onların birgə fəaliyyətləri üçün şərait yaratmaqdır. Gənc alim və mütəxəssislərimizin fərdi və ya qrup halında həmin tədbirlərdə iştirakını təmin edirik”.

F.Salmanov qeyd edib ki, bu dəfəki konfrans çərçivəsində gənc alimlərin bütün elm sahələri üzrə prioritet elmi istiqamətlər üzrə oral və poster təqdimatları təşkil olunacaq. O bu konfransda gənc alim və mütəxəssislərin kütləvi iştirakını təmin etmək üçün institutlarda məlumatlandırma görüşlərin keçirilməsinin və elan löhvələrində konfransla bağlı elanların yerləşdirilməsinin zəruriliyini və bu işlərə yerli Şura sədrlərinin fəallıq göstərməsinin vacib olduğunu qeyd etdi.

Sonra Konfrans Təşkilat Komitəsinin elmi katibi Aysel Cəbrayılova konfransda iştirak üçün onlayn qeydiyyat hazırlığı ilə bağlı görülən işlər haqqında Şura sədrlərinə məlumat verib.

F.Salmanov gündəlikdə duran ikinci məsələ haqqında məlumat verərək AMEA-nın 2020-2030-cu illərdə inkişafinin təmin olunmasi üzrə Milli Proqramın hazırlığına başlanıldığını, bu sənəddə gənc alimlərin elmi səviyyəsinin artırılmasından tutmuş, sosial durumlarının yaxşılaşdırılmasına qədər bir sıra məsələlərin nəzərdə tutulduğunu qeyd edib.

İclasda iştirak edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun gənc alimlərindən Rasim Heydərov və Elnurə Hüseynova çıxış edərək bu yaxınlarda çap olunan kitabları haqqında tanıtım məlumatını veriblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.