AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rusiyada beynəlxalq forumda məruzə edib
Okt 31 , 2019 | 04:02 / Mühüm hadisələr
Oxunma ( 1946 )

Dünəndən başlayaraq Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının təşkilatçılığı ilə gənc alimlərin “Yeni materiallar və perspektivli texnologiyalar” adlı V Beynəlxalq Multidissiplinar Forum öz işinə başlayıb. Ev sahibi ölkənin hökümət, elm, təhsil, eləcə də dünyanın bir sıra ölkələrinin elm sahəsində gənc liderlərinin iştirak etdiyi sözügedən tədbirlə əlaqədar Moskva şəhərində ezamiyyətdə olan AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Forumun plenar iclasında geniş məruzə ilə çıxış edib.

Gənc alim çıxışında ənənəvi keçirilən tədbirin Rusiyanın, Azərbaycanın, o cümlədən forumda təmsil olunan digər ölkələrin gənclərinin, həmçinin gənclər təşkilatlarının elm və texnika sahəsində əməkdfalığı üçün olduqca faydalı  platforma olduğunu qeyd edib. Məruzədə AMEA-nın timsalında Azərbaycanda elmin inkişafı, tətbiqi profilli elmi istiqamətlərin genişləndirilməsi, həmçinin innovasiya mәhsullarının hazırlanması ilə əlaqədar aparılan tədqiqatlardan, eləcə də bir sıra xarici ölkələrin elmi müəssisələri ilə qurulan əməkdaşlıq əlaqələrindən geniş bəhs edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.