YAP Abşeron Gənclər Birliyinin fəal üzvlərinin AMEA Yüksək Texnologiyalar Parkına tanışlıq turu təşkil edilib
Noy 13 , 2019 | 02:23 /
Oxunma ( 1209 )

Elnur Mirzəyevin təşkilatçılığı ilə fəal gənclər YAP Abşeron Gənclər Birliyinin fəal üzvlərinin AMEA Yüksək Texnologiyalar Parkına tanışlıq turu təşkil edilib.
İlk öncə qonaqlara AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.
Ziyarətçilər ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, SEASM-in məqsədi Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən elmi tədqiqatların aparılmasında və yeni texnologiyaların işlənməsində daha da səmərəli istifadə olunması üçün onların vahid mərkəzdə cəmləşdirilməsi, qüvvədə olan milli, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə uyğun qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə aparmaq və sifarişçilərə həqiqi sınaq nəticələrini təqdim etməkdir.
Onlar həmçinin “Elm və Texnologiya Parkı” MMC-nin hazırladığı müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə də tanış olublar.
Ziyarətçilər 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd edilib ki, “Millers Oils Azərbaycan” MMC dünya standartlarına cavab verən yüksək keyfiyyətli sürtkü yağları istehsal edir.
“AMEA Təcrübə-Sənaye Zavodu” MMC-ə baş çəkən gənclərə bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Zavodun fəaliyyətinin əsas istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsidir. Təcrübə-Sənaye Zavodunda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.
Gənclər sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisəsin istehsal prosesində bilavasitə iştirak ediblər.
AMEA YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti qonaqların böyük marağına səbəb olub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.