Noy 21 , 2019 | 03:45 / Mühüm hadisələr
18 noyabr 2019-cu il tarixində AMEA Botanika İnstitutunun Elmi Şurasının AMEA Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə iclası keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti İradə Hüseynova, AMEA Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov, AMEA Mərkəzi Nəbatat Bağının direktoru, b.ü.e.d., dosent Vahid Fərzəliyev, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, b.ü.f.d., dosent Afiq Məmmədov, Botanika İnstitutunun Elmi Şurasının üzvləri və digər aidiyyətli şəxslər iştirak etdilər.
İclasa sədrlik edən akademik İradə Hüseynova tədbiri açıq elan edərək, 2019-cu il üzrə Botanika İnstitutunun elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat məruzəsini təqdim etmək üçün sözü həmin İnstitutun direktoru, akademik Validə Əli-zadəyə verdi.
Akademik V.M.Əli-zadə öncə 2019-cu ilin İnstitutun həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldığını vurğulayaraq, 21 yanvar tarixində Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) İctimai Birliyinin ilk ümumi yığıncağının keçirildiyi, cəmiyyətin Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı və yeni idarə heyətinin seçildiyi barədə məlumat verdi. Həmçinin o, iyun ayının 20-də Azərbaycan florası və bitki örtüyünün görkəmli tədqiqatçısı, AMEA-nın müxbir üzvü İvan İvanoviç Karyaginin anadan olmasının 125 illiyinə həsr olunmuş elmi simpozium keçirildiyini də əlavə etdi.
Məruzəçi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Fərman və Sərəncamların, habelə Dövlət Proqramlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerınə yetirilməsı haqqında məlumatlar verdi. O, İnstitutun elmi-tədqiqat işlərinin mövzu planına müvafiq 2 istiqamətə uyğun 2 problem çərçivəsində 11 mövzunu əhatə edən 17 işin 50 mərhələsi üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edərək, şöbə və laboratoriyalarda il ərzində əldə olunmuş ən əhəmiyyətli nəticələri təqdim etdi. İnstitutun beynəlxalq əlaqələrinin dərinləşdiyini və cari ildə İtaliyanın Padua şəhərində keçirilən İtaliya Botanika Cəmiyyətinin 114-cü Konqresində İtaliya Botanika Cəmiyyəti ilə Azərbaycan Botaniklər Cəmiyyəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandığını bildirdi və açılan perspektivlər haqqında söylədi.
Akademik V.M.Əli-zadə nəşriyyat işi, magistratura təhsili, doktorantura və dissertantura yolu ilə kadr hazırlığı haqqında, 58 nəfərdən ibarət Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, gənc mütəxəssislərin uğurları, eləcə də İnstitutda həyata keçirilmiş silsilə tədbirlər, maarifləndirici seminarlarının keçirilməsi, habelə xarici ölkələrə faydalı elmi səfərlər və s.haqqında əhatəli məlumat təqdim etdi. Cari ildə İnstitut üzrə dərc edilmiş elmi əsərlərin ümumi sayının 85 təşkil etdiyi, onların 3 kitab, 1 kitab fəsli (xaricdə), 48 məqalə (32 xaricdə) və 33 tezisdən (24 xaricdə) ibarət olduğu, nüfuzlu elmi dərgilərdə işıq üzü görmüş 11 məqalədən 5-Web of Science, 3-Scopus, 3–Copernicus, indeksli olduğu qeyd etdi. Həmçinin cari ildə 2 patent alındığı, ingilis dilində “Bitki və göbələk tədqiqatları” beynəlxalq jurnalının II-III nömrələrinin nəşr olunduğunu nəzərə çatdırdı.
Sonda akademik V.M.Əli-zadə İnstitut əməkdaşlarından 3 nəfərin Elm günü münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanları ilə mükafatlandırıldıqlarını, həmçinin İnstitutun II kurs magistrantı Lalə İsgəndərovanın Magistr-2019 müsabiqəsində I yerə layiq görüldüyünü vurğuladı.
İclas məruzə ətrafında müzakirə ilə davam etdi. Akademik V.M.Əli-zadə hesabata dair verilən sualları əhatəli cavablandırdı. Daha sonra məruzə ətrafında çıxışlar edildi və hesabatın qəbul olunması barədə təkliflər səsləndirildi.
İclasın sədri akademik İ.H.Hüseynova çoxillik tarixə malik Botanika İnstitutunun 2019-cu il üçün hesabatını müsbət qiymətləndirərək, hesabatın qəbul olunmasına dair qərarı açıqladı və iclası yekunlaşdırdı.