Fotos
“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” mövzusunda V respublika konfransı keçirilib
Noy 29 , 2019 | 03:35 / Mühüm hadisələr
Oxunma ( 1239 )

Noyabrın 29-da İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun və AMEA Rəyasət Heyətinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı öz işinə başlayıb.

Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsi konfransın əsas məqsədi olub.

Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.

Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, artıq İnternet infrastrukturunun bütün ölkəni əhatə etdiyini diqqətə çatdıran alim ölkəmizdə insanların söz və İnternet azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, vətəndaşlarımızın müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini söyləyib.

AMEA-nın prezidenti bildirib ki, fərdi məlumatların mühafizəsi məsələsinə bütövlükdə milli təhlükəsizlik prizmasından yanaşmaq lazımdır. Vətəndaşlar virtual mühitin xüsusiyyətlərini nəzərə alaraq öz fərdi məlumatlarının qayğısına qalmalı, onlarla düzgün davranmalıdırlar.

Akademik R.Mehdiyev konfransa təqdim edilən məruzələrin fərdi məlumatların mühafizəsinin texnoloji, hüquqi, təşkilati, sosial-iqtisadi və kulturoloji aspektlərinə həsr olunduğunu bildirib və konfransda müvafiq dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakını yüksək qiymətləndirib.

Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika üzrə elmlər doktoru İqbal Babayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək fərdi məlumatların mühafizə olunmasında təmsil etdikləri qurumların fəaliyyətindən və bu istiqamətdə görülən işlərdən söz açıblar. Eləcə də informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, kiberhücumlara qarşı mübarizə üsullarının müəyyənləşdirilməsi, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərə toxunublar.

Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək ölkəmizdə dövlət qurumlarında İKT-nin tətbiqi işinin genişləndirilməsi, vahid şəbəkə infrastrukturu əsasında təhlükəsiz informasiya mübadiləsinin aparılması məqsədilə tədbirlər görüldüyünü, informasiya təhlükəsizliyinin təmin olunmasının daim diqqətdə saxlanıldığını qeyd edib.

R.Əliquliyev rəhbərlik etdiyi qurum tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verildiyini bildirib.

Tədbirdə öz işini plenar iclas və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktik problemləri” bölmələri üzrə davam etdirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.