Noy 29 , 2019 | 04:00 / ELMİN TƏBLİĞİ
AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsinin təqdimatı olub.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkəmizdə elmə və təhsilə göstərilən dövlət qayğısından danışıb, layihənin şagirdlərin elmə marağının artırılmasında mühüm rol oynayacağını söyləyib.
Sonra çıxış edən Naxçıvan MR-nın Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, son illərdə regionda təhsil infrastrukturu yenilənib, müasir tipli yeni məktəb binaları inşa edilib, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, yüksək tədris şəraiti yaradılıb. Bildirib ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir: “Bölmənin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürəcək və onlarla birgə müəyyən edilmiş istiqamətlərdə fərdi və ya kollektiv şəkildə tədqiqatlar aparacaqlar. Bu yolla şagirdlərin tədqiqatçılıq bacarıqları inkişaf etdiriləcək, onların gələcək peşə istiqamətlərinin müəyyənləşdirməsinə kömək olacaq”.
Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin, Naxçıvan MR-nın Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərovun və laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın layihə ilə bağlı çıxışları dinlənilib.
Qeyd edək ki, Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri layihədə pilot məktəblər olaraq müəyyənləşdirilib. Layihədə iştirak edəcək 50 şagird 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqatlar aparacaqlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.