Dek 08 , 2019 | 12:21 / Müsahibələr, çıxışlar
Tarixən inkişafı hədəfləyən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini gənc nəslin potensialı ilə uzlaşdırır və tərəqqiyönümlü siyasətin prioritetlərini müəyyənləşdirir. Əbədi müstəqillik, həmçinin planlaşdırılan nəticələrin əldə olunması üçün intellektual və sağlam gəncliyin yetişdirilməsi əsas məsələlərdən hesab edilir. Cəmiyyət üçün perspektivli gənclərin prototipində yaxşı təhsilli, intellektual, çevik, sosial-iqtisadi inkişafın tələblərinə adekvat fəaliyyət göstərmək bacarığına malik, eləcə də həyata keçirilən islahatların aparıcı qüvvəsinə çevrilə bilən cavan və dinamik zümrələr durur.
Sadalanan məziyyətləri özündə birləşdirən gənc nəsillər cəmiyyətin elm, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməklə, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Müsbət dəyişkənlik, o cümlədən inkişaf tendensiyaları hər nə qədər tərəqqini hədəfləyən ölkələr üçün real vəziyyətin qiymətləndirilməsində başlıca meyar hesab edilsələr də, tərəqqi naminə sabit və dəyişməz dəyərlər (ənənələrə sadiqlik, milli keçmişi yaddaşında həkk etmək və hər bir fəaliyyətində onları rəhbər tutmaq və s.) də var ki, onlar xalqın iradəsinin möhkəmliyində, varlığının əbədiyyətində bir o qədər həlledici amilləri formalaşdırırlar. Bu mənada Azərbaycanda həyata keçirilən gənclər siyasətinin reperində keçmişimizə, milli-mənəvi dəyərlərimizə bağlılıqla inkişafı hədəfləyən fəaliyyətin təşkilinə hesablanan harmonik və proqressiv tendensiyaları görürük. Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətilə bağlı müəyyənləşdirdiyi inkişaf strategiyasında, həmçinin islahatlar dövrünun intibahında səsləndirdiyi çıxışlarının hər birində keçmişə bağlılıq, gənc nəslə inam kimi çağırışların təsadüfi olmadığı qənaətinə cəsarətlə varmaq olar.
Ölkə Prezidenti müraciətlərində Azərbaycan gəncliyinin mənəvi ruhuna üz tutur, gənc nəslin vətən sevgisinə əsaslanır. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan gənci yeri gəldikdə döyüş meydanlarında zəfərlər üçün igidlik göstərmişdir. Gənclərimiz dünya mədəniyyətinə töhfələr vermişdir. Böyük elmi ixtiraları və kəşfləri ilə dünyanı heyrətə gətirən gənclərimiz az olmamışdır. Bu gün böyük iftixarla deyə bilərik ki, müasir Azərbaycan gəncliyi tarixi kökündən, genindən qidalanan milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızın hər bir mirasını göz bəbəyi kimi qoruyub yaşadır. Onlar Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilir, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edir, tarixi nailiyyətlərin episentrində durublar. Azərbaycan gənci öz həyatını qurarkən öncə müstəqil ölkəmizin bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Əlbəttə, buna gənclərimizin yüksək potensialı, əldə etdikləri bilikləri və güclü vətənpərvərlik hissləri tam imkan verir.
Prezidentin nitqlərində də ən vacib amil gənclərin bilikli, savadlı olmaları, yeni peşələri mənimsəmələri, dəyişən dövrün tələbləri ilə uyğunlaşmaları ön plana çəkilir. Bilik və savad gənclərin yaxşı təminatlı gələcəyini müəyyən edən dəyər kimi qiymətləndirilir. Deməli, gənclər savadlı böyüməli, o cümlədən dərin biliklərə yiyələnməli və daim mütaliəli olmalıdırlar. Bütün bunlar onlara iş tapmaqda, karyera qurmaqda, ölkəmizi ən yüksək səviyyələrdə təmsil etməkdə, bir sözlə, hərtərəfli inkişaf etmiş intellektual fərdin yetişməsində Azərbaycanın firavan gələcəyinə xidmət etmək nöqteyi-nəzərindən mühüm rol oynayır.
Gənc nəsillərimiz üçün müasir milli-mənəvi dəyərlərin, eləcə də inkişafları ilə bağlı intihab dövrünün formalaşmasının təməlində müdrik siyasi baxışlar və onların nəticələri durur. Əgər bu gün Azərbaycan gəncliyi yüksək intellektli aparıcı qüvvə kimi formalaşıbsa, bu prosesin ritmində davamlılıq göz oxşayırsa, onda birmənalı olaraq dövlətimizin yürütdüyü yaxın keçmişimizə bağlı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin tarix nöqteyi-nəzərindən başlanması və bərqərar olması Ümummilli Lider Heydər Əliyev fenomeninin şah əsərlərindəndir. Ulu Öndərin Azərbaycan xalqı üçün müəyyənləşdirdiyi gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Heydər Əliyevin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının qarantıdır. Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın xoşbəxt gələcəyi gənclərin əlindədir. Prezident İlham Əliyevin çıxışlarında səsləndirdiyi "Milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə alan gənclər müstəqil Azərbaycanı gələcəyə inamla aparacaqlar” fikri də siyasi varislik və dəyişməz hədəflər baxımından olduqca əhəmiyyətlidir.
Dövlət başçısının çıxışlarının demək olar ki, əksəriyyətində, o cümlədən son dövrlərdə ölkəmizdə keçirilən böyük islahatların mərkəzində Azərbaycan gənclərinin fəaliyyətinə xüsusi diqqət yetirilməsi gənclərə göstərilən böyük etimadın ifadəsidir. Eyni zamanda bu etimad, diqqət, qayğı bizim qarşımızda böyük vəzifələr müəyyənləşdirir və məsuliyyətimizi artırır. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən ölkəmizin ali təhsil müəssisələrində fəaliyyət göstərən elmi gəncliyin üzərinə də mühüm vəzifələr düşür. Hazırda ölkə elminin nailiyyətlərinin dünyanın inkişafına töhfələr verməsi, Azərbaycan həqiqətlərinin elmi obyektivlik prinsiplərinə əsaslanmaqla dünyada təbliğ edilməsi məhz bu vəzifələrdəndir. Həmin vəzifələrin yerinə yetirilməsi üçün son illər ərzində gənc alimlərimiz yorulmadan çalışırlar. AMEA-da elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, gənc mütəxəssislərin dünya elminə inteqrasiyası, eləcə də onların sosial şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində çoxşaxəli işlərin həyata keçirilməsi gənc alim və mütəxəssislərin fəaliyyətini daha da stimullaşdırır. Alimlərimizin tədqiqatlarında Azərbaycanda tarixən formalaşmış dini və milli dözümlülük mühitinin, multikulturalizmin Azərbaycan modelinin elmi əsaslarla öyrənilməsi də mühüm yerlərdən birini tutur.
Müasir tariximizdə gənclərə milli-mənəvi dəyərlərin aşılanması prosesinin əsas hədəfində Azərbaycanın müstəqilliyini qorumaq, o cümlədən onları yad təsirlərdən mühafizə etmək məqsədləri durur. Məlumdur ki, respublikamız son illər hər sahədə ciddi irəliləyişlər əldə etmiş, siyasi arenada nüfuz baxımından xeyli güclənmişdir. İqtisadi müstəqilliyimizin qorunması istiqamətində aparılan balanslaşdırılmış siyasət öz hədəflərinə hər ötən gün daha da yaxınlaşmaqdadır. Lakin təbii ki, qazanılan uğurlar, böyüyən hədəflər ölkəmizə qarşı yönələn təhdidlərin miqyasının artmasına rəvac vermişdir. Bununla bağlı bir sıra qüvvələr Azərbaycan gənclərini milli dövlətçilik təfəkküründən və dəyərlərdən uzaqlaşdırmağa çalışırlar. Belə qüvvələr Azərbaycan dövləti əleyhinə yalan üzərində formalaşdırılan müzakirələrin təşkilinə çalışırlar. Yalan gerçəklik kimi təqdim edilməklə informasiya manipulyasiyası formalaşdırılır. Bu mənfur məqsədin gerçəkləşdirilməsi üçün ilk növbədə cəmiyyətimizin ən dinamik və çevik qüvvələri hədəfə alınır. Lakin Azərbaycan gəncləri adından bütün anti-Azərbaycan təbliğatı aparan xarici və yerli qüvvələrə bəyan edirik ki, bizim böyük ümidlərimiz və hədəflərimizlə Prezident İlham Əliyevin ideyaları və yürütdüyü siyasət tamamilə üst-üstə düşür. Gəncliyə güvənən, onun xoşbəxtliyi üçün çalışan lideri olan xalq yenilməzdir, məğlubedilməzdir!
Famin SALMANOV,
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent