Dek 11 , 2019 | 05:00 / Mühüm hadisələr
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan "Ulu öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Şuranın sədri, dosent Famin Salmanov bildirib ki, Ümummilli lider Heydər Əliyevin vəfat etməsinin 16-cı ildönümü qeyd edilir: “Bütün dönəmlərdə elmə, elmimizin məbədi sayılan AMEA-ya yüksək diqqət və qayğı ilə yanaşan tarixi şəxsiyyətin ildönümlərinin qeyd edilməsi biz gənc alim və mütəxəssislərin borcudur”.
F.Salmanov Ümummilli lider tərəfindən intellektual nəslin formalaşması üçün silsilə addımların atıldığını, Azərbaycan gənclərinin dünyanın bir çox ölkəsində təhsil almağa göndərildiyini söyləyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu keçirilib, həmçinin ölkəmizdə Azərbaycan Gəncləri Günü təsis edilib.
F.Salmanov, həmçinin H.Əliyevin gənclərin elmi-ictimai fəaliyyətinin artırılması, stimullaşdırılması, gənclərin milli ruhda tərbiyələndirilməsi, onların ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği istiqamətində mühüm işlər gördüyünü və bu gün GAMŞ-ın öz fəaliyyətində ümummilli liderin sözügedən ideyalarından bəhrələndiyini vurğulayıb.
Onun sözlərinə görə, hazırda Akademiyada ulu öndərin elmi ideyalarından irəli gələn vəzifələri əsas tutaraq gənclərin cəmiyyətdə rolunun önə çəkilməsi istiqamətində addımlar atılır, müsabiqələr və mükafatlandırma tədbirləri həyata keçirilir.
Konfransda, həmçinin AMEA Ədəbiyyat İnstitutunun YAP təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərli, Yasamal YAP Gənclər Birliyinin sədri İlqar Quliyev, AMEA Fəlsəfə İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli Abşeron rayon YAP Gənclər birliyinin sədri Elnur Mirzəyev, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru,dosent Elnur Kəlbizadə müxtəlif mövzularda məruzə edərək, Ulu öndərin gənclər siyasətindən, elmə və təhsilə göstərilən dövlət qayğısından danışıblar.