Fotos
Akademik Bahadır Tağıyevlə vida mərasimi keçirilib
Yan 07 , 2020 | 04:00 /
Oxunma ( 1398 )

Yanvarın 7-də akademik Bahadır Tağıyevlə vida mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, vida mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ziyalılar, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ölkəmizdə yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib.

Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "Fizika" ixtisası üzrə bitirmişdir.

Alim 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutun­da əmək fəaliyyətinə başlamış, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilmiş, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanmışdır. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınmış, Bakı “Azərelektrik işıq” İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunmuşdur.

O, 350 elmi məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifi idi. Alimin rəhbərliyi altında 30 fəlsəfə və 10 elmlər doktoru yetişdirilmişdir.

Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülmüşdür.

Şərəfli ömür yaşamış Bahadır Tağıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.