Yan 17 , 2020 | 12:27 / Mühüm hadisələr
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə tədbiri açıq elan edən Şuranın sədri, dosent Famin Salmanov 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışarkən bildirib ki, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini qırmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildi: “Nəticədə 146 nəfərin öldürüldü, 744 nəfərin yaralandı və 841 nəfərin qanunsuz həbs olundu”
F.Salmanov şəhidlər sırasında həmin qanlı hadisələrdə bütün təbəqələrdən olan insanlar – şagird, tələbə, müəllim, alim şəhid olub. Azərbaycan elminin parlaq nümayəndələrindən sayılan professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova şəhid olub, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova ağır yaralanıblar.
Şura sədri diqqətçəkən məqamlardan birinin ondan ibarət olduğunu vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük cəsarət göstərərək faciədən dərhal sonra ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt tənqid etmişdi. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilib.
GAMŞ sədrinin sözlərinə görə, qanlı hadisələrdən 30 il ötməsinə baxmayaraq, faciənin acısı hələ də Azərbaycan xalqının qəlbində yaşayır: “Xalqımız dövlət müstəqilliyi uğrunda şəhid olanların xatirəsini hər zaman əziz tutur. Onların xatirəsi yalnız Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların yaddaşında yaşayıb və bundan sonra da yaşayacaq”.
Tədbirdə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, A.Bakıxanov adına Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Rəşad Mustafa çıxış edərək 20 Yanvar faciəsini doğuran səbəblər, faciə zamanı yaşanan proselər və çıxarılan nəticələr haqqında fikirlərini bölüşdülər.