Fotos
AMEA Rəyasət Heyətində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə görüş keçirilib
Yan 16 , 2020 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1314 )

AMEA-nın Rəyasət Heyətində akademiya əməkdaşlarının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sahələrə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu söyləyib.

Sonra nazir Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, ötən il sosial sahə üçün islahatlar ili adlandırıla bilər, həmin islahatlar ölkə əhalisinin 42 faizinə, yəni 4,2 milyon insana şamil olunub. Müvafiq sahə üzrə görülən işlərdən danışan nazir 2019-cu ildə minimum əməkhaqları və pensiyaların artırıldığını diqqətə çatdırıb. Nazir alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycanın MDB ölkələri sırasında ikinci yerə yüksəldiyini bildirib: “Ötən il ərzində pensiya islahatları aparılıb, təqaüdlər orta hesabla 72 faiz, o cümlədən yaşa görə verilən pensiyalar 15 faiz, əlilliyə görə verilən təqaüdlər isə 22 faiz artırılıb. Bundan əlavə, pensiya təyinatının avtomatlaşdırılması üzrə işlər davam etdirilib”.

Sahil Babayev vətəndaşların rifahı və həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulduğunu, həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramlarının həyata keçirildiyini bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutan DOST layihəsindən danışan nazir gələcəkdə ölkə üzrə 31 DOST mərkəzi şəbəkəsinin yaradılacağını qeyd edib.

Nazir 2019-cu ildə 64 min nəfərin işlə təmin olunduğunu, ümumilikdə 10 min kiçik biznes müəssisəsinin yaradıldığını deyib və bu rəqəmi Azərbaycanın böyük uğuru adlandırıb.

Sosial tədbirlər sahəsində aparılan elektronlaşma haqqında geniş məlumat verən S.Babayev nazirlik üzrə 132 xidmətdən 50-nin elektronlaşdığını, qurumun elektron bazalarının Azərbaycan Respublikasının Vergilər Nazirliyinin bazalarına inteqrasiya olunduğunu diqqətə çatdırıb. Həmçinin sosial portalın yaradıldığını bildirən nazir hər bir vətəndaşın şəxsi onlayn kabinetinə daxil olaraq bütün lazımi məlumatları əldə edə biləcəyini diqqətə çatdırıb.

Daha sonra S.Babayev AMEA əməkdaşları tərəfindən səsləndirilən suallara və təkliflərə aydınlıq gətirib. Fikir mübadiləsi zamanı əməkhaqları, təqaüd, elmi dərəcə və elmi adlara görə verilən əlavə ödənişlərin artırılması, zərərli iş şəraitinə görə ödənişlərin edilməsi, sosial sığortaların hesablanması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə sosial sahə üzrə sistemlərin avtomatlaşdırılması, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması və normativ-hüquqi sənədlərdə aparılan təsnifatın təkmilləşdirilməsi işində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiya əməkdaşları adından Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə minnətdarlığını ifadə edərək belə formatda görüşlərin bundan sonra da davam etdiriləcəyini nəzərə çatdırıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.