Yan 22 , 2020 | 05:01 / Görüşlər
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkına (YT Park) baxış keçirib, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanış olub.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri – birinci vitse-prezidentlər, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev və AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov da iştirak ediblər.
Əvvəlcə İşlər idarəsinin müdiri, YT Parkın direktoru, professor Elton Məmmədov müəssisənin xəritəsi əsasında AMEA rəhbərliyinə ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib. O, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Professor Elton Məmmədov ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, AMEA-nın prezidentini yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi və perspektivdə nəzərdə tutulan layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edib.
Həmçinin son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən Parkın əvvəl və sonra dronla çəkilmiş vizual görüntüsü təqdim edilib.
AMEA rəhbərliyi daha sonra Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft və qaz məhsullarının analizinin aparıldığı Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Burada aparılan araşdırmalar, yerli və beynəlxalq müəssisələr, həmçinin neft və qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə onlara ətraflı məlumat verilib.
Bundan başqa, YT Parkın Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-Sənaye Zavodu, rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub. Qurumun laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə məlumat veriblər.
Sonda YT Park ərazisində son iki ayda aparılmış tikinti-quruculuq, yaşıllıq-abadlaşdırma işlərinə baxış keçirilib.
Tədbirdə, həmçinin bir sıra elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi işçilər və YT Parkın əməkdaşları iştirak ediblər.