Fotos
AMEA Radiasiya Problemləri İnstitutunun gənc alimləri mükafatlandırılıb
Yan 31 , 2020 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 1546 )

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) və akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü elan edildiyini xatırladıb. O, əsası ulu öndər tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu istiqamətdə dövlət başçısı tərəfindən bir sıra sərəncam və fərmanların imzalandığını bildirib.

Radiasiya Problemləri İnstitutunun gənc alim və mütəxəssislərinin akademiyanın elmi-ictimai həyatında fəal iştirak etdiyini deyən O.Səmədov hazırda müəssisədə 145-ə yaxın gənc elmi işçinin çalışdığını və onların əksəriyyətinin elmi işlərini müdafiə etdiyini bildirib. Alim, həmçinin gənclərin elmi-tədqiqat işlərinin nəticələrinin yüksək impakt faktorlu jurnallarda dərc olunduğunu diqqətə çatdırıb.

Daha sonra müəssisənin elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək ölkə rəhbərliyinin təşəbbüsü ilə “Yüksəliş” müsabiqəsinin keçirildiyini, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli gənclərin müəyyən edilməsi üçün respublikada kadr ehtiyatı bankının yaradıldığını bildirib. O, müəssisənin gənc tədqiqatçılarını müsabiqədə fəal iştirak etməyə çağırıb. Bundan əlavə, gənclərin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanan “Elmi kadrlar” Milli İnformasiya Sistemindən istifadə etmələrinin zəruriliyi qeyd olunub.

AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov isə öz növbəsində son illərdə ölkəmizdə gənclərin elmi-ictimai fəaliyyətinin artırılmasına dair mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı, eyni zamanda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul edilib. F.Salmanov, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlərin fəaliyyətinin stimullaşdırılmasının, onların sosial vəziyyətinin yaxşılaşdırılmasının, asudə vaxtlarının səmərəli keçirilməsinin daim diqqət mərkəzində saxlanıldığını söyləyib.

Daha sonra Radiasiya Problemləri İnstitutunun 2019-cu ildə elmi-ictimai fəaliyyətinə görə fərqlənən gənc alimləri - Nərmin Quliyeva, Samir Səmədov və Fərqan Əsədov diplom və pul mükafatları ilə təltif olunublar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.