Yan 31 , 2020 | 06:00 / Mühüm hadisələr
Yanvarın 31-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib. Giriş nitqi ilə tədbiri açan institutun direktoru, akademik Teymur Kərimli əvvəlcə gəncləri təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev gənc yaşlarından başlayaraq indiyədək uğurla davam etdirir. Bacarıqlı, savadlı gənclər üçün hər bir şəraitin yarandığı respublikamızda siz gənclər böyük məsuliyyət daşıyırsınız – deyə, akademik diqqətə çatdırıb. Gənc nəslin təlim-tərbiyəsi, onlara düzgün yol göstərilməsi məsələlərinə xüsusi həssaslıq və ehtiyatla yanaşmanın tərəfdarı olduğunu söyləyən Teymur Kərimli bu mövzuda yazmış klassik müəlliflərin əsərlərindən nümunələr səsləndirib.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva son dövrlər Azərbaycanda gənclər üçün daha geniş imkanların yarandığını və bunun nəticəsi olaraq AMEA-da fəaliyyət göstərən gənclərin ilbəil daha da irəli getdiklərini, uğurlu elmi nailiyyətlərə imza atdıqlarını bildirib.
Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi əksər böyük sənətkarların ən gözəl əsərlərini məhz gənc yaşlarında yazdıqlarını xatırladaraq hər bir gəncin öz vaxtından səmərəli şəkildə yararlanmasını arzulayıb. Elmi katib Əlyazmalar İnstitutunda çalışan bir sıra gənc alim və mütəxəssislərin fəaliyyətlərini ayrı-ayrılıqda qeyd edib, onların əməyini yüksək qiymətləndirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Cavid Hüseynov ölkədə aparılan gənclər siyasətinin uğurlu nəticələrindən danışıb, Əlyazmalar İnstitutunun gənc kadrları ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu dilə gətirib.
Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə işlədiyi müəssisədə gənc mütəxəssislər üçün yaradılan əlverişli şəraitdən danışıb.
Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva ölkə Prezidentinin yürütdüyü gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafının, dünya arenasına çıxışının təminatçısı olduğunu bildirib.
Tədbir başa çatdıqıdan sonra institutun şöbələrində gənc mütəxəssislərin elmi məruzələri dinlənilib.