“Klassik Azərbaycan ədəbiyyatında gənclik” mövzusunda gənc alimlərin elmi sessiya və ədəbi-bədii tədbiri keçirilib
Fev 03 , 2020 | 03:46 / Mühüm hadisələr
Oxunma ( 1383 )

Fevralın 3-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Gənclər Günü münasibətilə “Klassik Azərbaycan ədəbiyyatında gənclik” mövzusunda elmi sessiya və ədəbi-bədii tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, dövlətimizin bu sahəyə diqqət və qayğısından danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1997-ci ildən ölkəmizdə fevralın 2-si “Azərbaycan Gəncləri Günü” kimi qeyd olunur. Alimin sözlərinə görə, ulu öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu siyasətin nəticəsidir ki, hazırda respublikamızda idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü bir nəsil yetişməkdədir.

Akademik R.Hüseynov Azərbaycan dilinin saflığının qorunub saxlanılmasında gənclərin rolundan danışaraq, dilimizin mövcud təhlükələrdən uzaqlaşdırılması və gələcək nəsillərə ötürülməsində onların üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, idman sahəsində qazanılan uğurlardan da bəhs edərək, gənclər sayəsində ölkəmizin bu sahədə dünya səviyyəsində böyük uğurlara imza atdığını vurğulayıb.

Muzey direktoru savadlı və intellektual Azərbaycan gəncliyinin yetişdirilməsində orta və ali təhsil müəssisələrinin rolundan danışıb, dünyanın müxtəlif ölkələrində müvəffəqiyyət qazanmış gənc alimlərimizin ölkəmizə qayıdaraq Azərbaycan elminə töhfələr verməsinin vacibliyini qeyd edib.

Daha sonra “Gəncliyə münasibətin Cavid düsturu” mövzusunda məruzə ilə çıxış edən akademik R.Hüseynov Azərbaycanın dahi klassiklərindən olan Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi və digərlərinin gənc yaşlarından ədəbiyyatla məşğul olmağa başladıqlarını və əsərlərində gənclərə dəyərli nəsihətlər verdiklərini diqqətə çatdırıb. 

Akademik R.Hüseynov XX əsrin böyük şair və dramaturqlarından olan Hüseyn Cavidin gənc ikən həyata baxışı və düşüncə tərzi ilə yaşıdlarından irəlidə olduğunu, yaradıcılığında gənclik mövzusuna xüsusi yer verdiyini bildirib. Muzey direktoru ədibin gənclərə həsr olunmuş şeirlərindən nümunələr səsləndirərək, dahi mütəfəkkirin gənc nəslə böyük ümidlə baxdığını, onların gələcəyini hər zaman parlaq görmək arzusunda olduğunu bildirib. Qeyd edib ki, hazırda ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait yaradılıb, H.Cavidin görmək istədiyi gəncliyin yetişdirilməsi istiqamətində mühüm işlər görülüb.

Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, muzeyin doktorantları Natavan Bağırova, Fatimə Süleymanova və digərləri çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasətindən və bu istiqamətdə AMEA-da və aparılan islahatlardan danışıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri, həmçinin Bakı şəhəri 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azəri İnciləri” vokal qrupu konsert proqramı ilə çıxış edib.

Sonda elmi və ictimai fəaliyyətlərinə görə fərqlənən muzeyin Gənc alim və mütəxəssislər şurasının bir qrup üzvünə sertifikatlar təqdim olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.