Fev 11 , 2020 | 01:00 / Elmi müsabiqələr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən tələbələr arasında AMEA-nın 75 illiyinə həsr edilən “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadası elan olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantlarının bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaqdır.
İki mərhələdə baş tutacaq olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb-saytında qeydiyyatdan keçməlidirlər. Birinci mərhələdə iştirakçılar təqdim ediləcək 2 mövzu üzrə esse (Azərbaycan və ya rus dilində, A4 ölçüdə 5 səhifədən çox olmamaq şərti ilə) hazırlayacaqlar. Təşkilat komitəsinin qiymətləndirməsindən sonra final mərhələsinə yüksələcək müəlliflər geologiyaya və geofizikaya dair 20 sualı cavablandıracaqlar. Ən yüksək bal toplayan iddiaçılar müsabiqənin üç nominasiyası üzrə qalib elan ediləcəklər. Qaliblərin adları mayın 27-də açıqlanacaq.
Qaliblər üçün mükafat fondu:
I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
Müsabiqədə iştirak üçün qeydiyyat martın 20-nə kimi aparılır.