Fotos
Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı keçirilir
Mart 03 , 2020 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 3096 )

Martın 3-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir AMEA-nın 75 illiyinə həsr olunub.

Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmçinin 12 ölkədən 300-dən çox gənc alim iştirak edib.

Konfransı Ə.Sadıqov açaraq tədbir iştirakçılarını akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, onların inkişafı, cəmiyyətin bütün sahələrində fəal iştirakı istiqamətində qəbul edilən qərarlardan danışıb. Qeyd edib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mühüm əhəmiyyət daşıyır və bu gün keçirilən konfrans respublikada gənclər siyasətinə dair aparılan tədbirlərin tərkib hissəsindən biridir. 2011-ci ildə AMEA ilə ARDNŞ arasında memorandumun imzalandığını xatırladan Ə.Sadıqov sözügedən sənəddən irəli gələrək Elm Fondunun yaradıldığını, ötən müddət ərzində təşkilat tərəfindən 5 müsabiqənin həyata keçirildiyini və 160-a yaxın layihənin maliyyələşdirildiyini diqqətə çatdırıb.

Konfransın mövzusuna da toxunan Ə.Sadıqov müasir dövrdə multidissiplinar yanaşmaların ciddi elmi nəticələr əldə edilməsində mühüm rol oynadığını deyib, məhz buna görə də bir neçə sahəni birləşdirən alimlər qrupu tərəfindən tədqiqatlar aparmağın zəruriliyini vurğulayıb. O, tədbirin gənc alimlərin öz elmi nəticələrini ictimaiyyətə təqdim etmələrinə, həmçinin gələcək fəaliyyətləri üçün önəm kəsb edən beynəlxalq əlaqələr qurmalarına töhfə verəcəyini söyləyib.

Sonra ARDNŞ-in Elm və texnika şöbəsinin müdiri, professor Nazim Vəliyev çıxış edərək təmsil etdiyi qurum barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, həmçinin şirkət tərəfindən böyük həcmdə elmi-tədqiqat və layihə işlərinin yerinə yetirildiyini, kadr hazırlığına xüsusi önəm verildiyini, beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və tədris texnologiyaları ilə təchiz olunmuş Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

2014-cü ildə bu mövzuda keçirilmiş ilk tədbirin Neftçilər Gününə həsr olunduğunu xatırladan N.Vəliyev gənclərin elmə cəlb edilməsi və onların stimullaşdırılması istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdiriləciyini deyib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən AMEA GAMŞ-ın sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Famin Salmanov Azərbaycanda elmin koordinasiyası, inkişafı və gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından AMEA-nın müqayisəedilməz rola malik olduğunu söyləyib. Qeyd edib ki, 75 il öncə əsası qoyulan akademiya Azərbaycan elminin dünya elminə inteqrasiyası ilə əlaqədar bir sıra ümdə hədəflər müəyyənləşdirib və onların gerçəkləşməsi istiqamətində böyük irəliləyişlər əldə edib. Bu gün AMEA-nın gənc alimlərinin beynəlxalq həmkarları ilə birgə tədqiqatlar apardığını deyən F.Salmanov qlobal miqyaslı tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Şura sədri II beynəlxalq elmi konfransın çoxşaxəli tədqiqatların fundamental və tətbiqi aspektlərini əhatə edən mühüm elmi yığıncaq olduğunu vurğulayıb, tədbirin təşkilinə görə AMEA rəhbərliyinə və ARDNŞ-in Elm Fonduna öz minnətdarlığını bildirib.

Konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Andrey Kotelnikov, Belarus Milli Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədr müavini Stanislav Yuretski, İstanbul Texniki Universitetinin tədqiqatçısı, yer elmləri üzrə fəlsəfə doktoru Nedim Gökhan, qazaxıstanlı gənc alim Suxrab Japarov və digərləri çıxış edərək tədbirin birgə araşdırmalar üçün zəmin yaradacağını söyləyiblər.

Qeyd edək ki, martın 6-dək davam edəcək konfrans çərçivəsində “İntellektual sistemlər və texnologiyalar, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə)” istiqamətləri üzrə çıxış və təqdimatlar təşkil olunacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.