Fotos
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tələbələrə açıq tematik izahat aparılıb
Mart 13 , 2020 | 08:58 / Görüşlər
Oxunma ( 1617 )

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının katibi Aysel Bayramova  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyi ərəfəsində Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin muzeydə istehsalat təcrübəsi keçən tələbələr və Şura üzvlərinə “Xalqının xaqan şairi” adlı məruzə ilə açıq-tematik izahat aparmışdır.

Məruzəçi, əvvəlcə Azərbaycan ədəbiyyatının qızıl dövrü sayılan XII əsrin nümayəndəsi Xaqani Şirvaninin yaşadığı dövr və müasirləri haqqında dinləyicilərə məlumat vermiş, şairin həyat və yaradıcılığını muzeyin mövzuya müvafiq ekspozisiya zallarında təqdim etmişdir. Xaqani Şirvaninin “Mədain xərabələri” əsəri əsasında çəkilmiş tablo qarşısında qəsidəni fars dilində təqdim edən Aysel Bayramova, eyni zamanda şeirin Azərbaycan dilində Qafar Kəndlinin orijinala ən yaxın hesab edilən tərcüməsini də səsləndirmişdir. İzahatçı şairin əsərlərindən “Töhfətul-iraqeyn” məsnəvisi, 17 min beytlik şeirlər “Divan”ı, nəsr formasında yazılmış epistolyar irsi ilə yanaşı, silsilə şəkildə yazılmış “Həbsiyyə” qəsidəsinin günümüzə gəlib çatdığını qeyd edərək ekspozisiyada nümayiş olunan “Xaqani Şirvani həbsdə” tablosunu, əsərlərinə çəkilmiş illustrasiyaları, “Mədain xərabələri” qəsidəsindən bir fraqmenti əks etdirən xəttatlıq nümunəsini, şairin daşbasma üsulu ilə nəşr edilmiş “Divan” nüsxələrini və s. eksponatları diqqətə çatdırmışdır.

Məruzə dinlənildikdən sonra tələbələr və muzey əməkdaşları orta əsrlər ədəbiyyatı, ədəbiyyatlararası münasibətlər, Azərbaycan ədəbiyyatı nümunələrinin xarici dillərə tərcüməsi və sairə ilə bağlı məruzəçiyə müxtəlif suallar vermişlər.

Daha sonra Bakı Slavyan Universiteti adından tələbələrin qrup rəhbəri, dosent İradə Quliyeva maraqlı və dolğun izahatı üçün Aysel Bayramovaya təşəkkür edərək muzey rəhbərliyinə tələbələrə bu cür şəraitin yaradılmasına görə minnətdarlığını çatdırmışdır. 

Sonda muzeyin “Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini” şöbəsinin müdiri Tomiris Babanlı və bir neçə təcrübəli bələdçi məruzəçiyə xoş sözlərini və məmnunluq hisslərini bildirmişlər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.