Azərbaycan-Rusiya elmi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Mart 19 , 2020 | 01:03 /
Oxunma ( 1158 )

Ötən il Rusiya Elmlər Akademiyasının rəhbərliyi ilə bir sıra görüşlər keçirdik. Sonra Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzaladıq. Bu il aprelin əvvəlində isə biz rəsmi nümayəndə heyətinin tərkibində Moskvaya səfər etməyi, ölkələr arasında elmi mübadilə və birgə araşdırmaların səmərəliliyini artırmaq üçün hazırlanmış “yol xəritəsini” imzalamağı nəzərdə tuturuq.

Bunu AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun müxbirinə müsahibəsində deyib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik bu “yol xəritəsi”nin imzalanmasının Rusiya və Azərbaycan alimləri arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çatdıracağını, ortaq layihələrin həyata keçirilməsi, elmi kadrların hazırlanması və birgə tədqiqatların aparılmasına imkan verəcəyini qeyd edib. Diqqətə çatdırıb ki, “yol xəritəsi”nin imzalanması nəticəsində Qafqaz və Xəzər dənizi ilə əlaqəli regional layihələr hesabına bu əməkdaşlıq sahəsi əhəmiyyətli dərəcədə genişlənəcək: “Bu, təkcə karbohidrogen ehtiyatları ilə əlaqəli deyil. Biz palçıq vulkanları və qaz hidratlarının çıxışı ilə bağlı Xəzər dənizinin dərinliklərindəki xüsusi biosenozları da birgə tədqiq edəcəyik. Xəzər bölgəsində yaşayan etnik qrupların öyrənilməsi də əsas məsələlərdəndir. Xəzər dənizinin ekologiyası, dəniz səviyyəsindəki dəyişiklik problemləri və digər tətbiqi tədqiqatlar əsas maraq dairəmizdədir. Biz, bəlkə də, Avrasiya bölgəsində ən yaxşı telemetrik stansiyalar, GPS, qravimetr və maqnitometrlərə sahibik”, - deyə akademik bildirib.

İ.Quliyev cari ilin oktyabr ayında beş sərhəd ölkəsinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan “Sərhədsiz elm: Xəzər təşəbbüsü” adlı beynəlxalq forum haqqında da fikirlərini bölüşüb. Bildirib ki, forum çərçivəsində hidrologiya, biologiya, ekologiya, paleontologiya və bir çox digər sahələrdə ortaq tədqiqat proqramları haqqında razılığın müzakirə olunması planlaşdırılır: “Ehtimal olunur ki, Bakıda və ya Həştərxanda ortaq Xəzər tədqiqat mərkəzi yaradılacaq. Bundan əlavə, Xəzər dənizinin hərtərəfli araşdırılması üçün həm bizim, həm də rusiyalı həmkarlarımızın ortaq tədqiqat gəmisinə ehtiyacı var. Ümid edirik ki, oktyabr ayında keçiriləcək forumda bu məsələni də müzakirə edəcəyik”.

Akademiyanın birinci vitse-prezidenti, həmçinin Qafqazla bağlı perspektivli layihələr barədə fikirlərini bölüşüb. Alim deyib ki, Qafqazda farmakologiyanın inkişafı üçün geniş imkanlar var. O, “Zəhərlər üzərində iş – zəhər komponentləri əsasında onkologiyanın müalicəsi üçün dərman preparatlarının hazırlanması” mövzusunun aktual olduğunu, artıq bu mövzuda Rusiya Elmlər Akademiyasının tanınmış alimləri ilə müzakirələr aparıldığını vurğulayıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.