May 09 , 2020 | 06:30 / Mühüm hadisələr
Mayın 9-da AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ümumilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı videokonfrans keçirilib.
COVİD-19 pandemiyası ilə əlaqədar “Zoom” platforması üzərindən "Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı" mövzusunda keçirilən tədbirə moderatorluq edən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev videokonfransın məqsəd, məramı və gündəlik haqqında tədbir iştirakçıları məlumatlandırdı.
O qeyd edib ki, hal-hazırda bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyininin tərəfindən həyata keçirilən mübarizə tədbirləri gənclərdə böyük qürur hissi yaradıb: “Ürəkdən inanırıq ki, həyata keçirilən tədbirlər sayəsində xalqımız tezliklə bu pandemiyadan ən az itki ilə qurtulacaqdır”, - deyə o, fikirlərinə əlavə etdi.
F.Mustafayev bu mövzuda keçirilən konfransın vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Sonra çıxış edən AMEA GAMŞ-nın sədri, f.ü.f.d., dosent Famin Salmanov "Heydər Əliyevin gənclər siyasəti" mövzusunda çıxış edərək tarixi şəxsiyyətin gənclərin elmi-ictimai fəaliyyətinin artırılması, onların ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği istiqamətində, gənclərinin müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında vacib rolu olduğunu bildirib. O, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətindən danışaraq bildirib ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır.
F.Salmanov ulu öndər tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımların atıldığını söyləyib. O, bildirib ki, ümummilli liderin zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunə təşkil edib. Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hər bir gənc üçün fəxr və qürur mənbəyidir.
Şura sədri qeyd edib ki, ölkəmizdə ulu öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. O, xüsusən COVİD-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün ölkə rəhbəri tərəfindən həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, respublikamızda elan olunan karantin rejimində akademik gəncliyinin də dövlət başçısının çağrışlarına həmrəylik nümayiş etdirdiyi vurğulayıb.
Video-konfransda AMEA Yeni Azərbaycan Partiyası İlk Ərazi Təşkilatının sədri b.ü.f.d Ulduzə Mehvaliyeva "Heydər Əliyev Yeni Azərbaycan partayısının qurucusu kimi" mövzusunda məruzə ilə çıxış edib. Təşkilat sədri böyük şəxsiyyət Heydər Əliyevin bütün məsələlərə dövlət və dövlətçilik prinsiplərindən yanaşdığını, onun Azərbaycanın, eləcə də YAP-ın gələcəyini daim gənclərdə gördüyünü vurğulayıb.
Dövlətin gənclərə qayğısından bəhs edən U.Mehvalıyeva ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-gənclər siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini bildirib.
Konfransda AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, t.ü.f.d Sübhan Talıblı "Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasəti", AMEA Dendrologiya İnstitunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Bağırov "Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı bir abidədir", AMEA Fəlsəfə İnstitunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,elmi işçi Tünzalə Musayeva "Ümummilli lider Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşması və inkişaf sahəsində xidmətləri" AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, f.ü.f.d Əlimuxtar Muxtarov "Heydər Əliyev və Nizami Gəncəvi irsi" mövzusunda məruzələrlə çıxış etdilər.
AMEA Aşqarlar Kimyası İnstitunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.e.d, dosent Əfsun Sucayev video-konfransın əhəmiyyəti haqqında fikirlərini bölüşdü.
Tədbirin sonunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov konfransın təşkilinə və maraqlı məruzələrə görə öz təşəkkürünü bildirdi və yekunda hazırki karantin şəraitində insanların sağlamlığının keşiyində duran tibbi işçiləri və polislər konfrans iştirakçıları tərəfindən alqışlandılar.