Fotos
Tələbə, magistr və doktorantların “Elm günü”nə həsr olunan elmi-praktik konfransı keçirilib
İyn 17 , 2020 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2502 )

17 iyun 2020-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə, magistr, doktorant və dissertantların onlayn rejimdə elmi-praktik konfransı keçirilib. “Ətraf mühit problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda “COVİD-19 pandemiyası ilə əlaqədar karantin qaydalarına əməl olunaraq təşkil olunan bu elmi tədbir “Elm günü”nə həsr olunmuşdur. Konfransda yalnız AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin 7 nəfər üzvü canlı iştirak edib. Digər iştirakçılar isə konfransa “Zoom” platforması üzərindən qatılıblar. Onlayn konfransda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri  f.ü.f.d., dosent Famin Salmanov və AMEA institutlarının gənc alimləri, ölkəmizin ayrı-ayrə universitetlərinin tələbə və magistrları, AR Kənd Təsərüfatı Nazirliyinin müvafiq institutlarının əməkdaşları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri  f.ü.f.d., dosent Famin Salmanov bu günün əhəmiyyətini qeyd edərək, bildirib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin ilk günlərindən gənc alimlərimiz də müasir dövrün çağrışlarına uyğun olaraq həm beynəlxalq səviyyədə təşkil olunan onlayn konfranslara qatılırlar, öz tərəfdaşları ilə elmi səviyyələrini artırırlar, eyni zamanda özləri belə əhəmiyyətli tədbirləri ərsəyə gətirirlər: “Sözsüz bu kimi elmi tədbirlər digər gənclərə də təsir edir, onların elmə marağını artırır, bir sözlə gənclərimizin dünya elminə inteqrasiyası prosesini sürətləndirir”.

Tələbə, magistr, doktorant və dissertantlar üçün ixtisaslaşmış belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulayan F.Salmanov AMEA-da doktorantura-dissertantura ilə yanaşı magistratura təhsilini də böyük elmin astanası kimi xarakterizə edib, AMEA magistrlərin timsalında elm yolunda yenicə addım atmağa başlayan bütün gənclərə elm və təhsil fəaliyyətində uğurlar arzulayıb, bu kimi tədbirlərin gənc tədqiqatçılar arasında elmi əlaqələrin inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.

Sonra konfransda çıxış edən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev “Elm günü”nün yaranma tarixindən, həmin günün gənc alimlər üçün əhəmiyyətindən və prespektivlərindən bəhs edib. F.Mustafayev konfrans haqqında ümumi məlumatı iştirakçıların nəzərinə çatdırdıqdan sonra məruzələr dinlənilib.

 Konfransda E.Salahova “Berberis L. cinsinə aid növlərin böyümə və inkişafina gübrələrin təsiri”,  F. Rzayeva, “Bərk (t.Durum) və yumşaq buğda (t.Aestivum) genotiplərinin yetişməkdə olan dənlərində bəzi fotosintetik fermentlərinin müqayisəli tədqiqi”, S.Novruzova “Xəzər Dənizinin neft və qaz ekologiyası”, Ə.Məmmədova “Abşeron Yarımadasında müxtəlif hava çirkləndiricilərinin təmizlənməsində bitkilərin rolu”, Ü.İbrahimova “Triticumum Aestivum L. genotiplərinin duzadavamlılığının xlorofil A flüoressensiya göstəriciləri əsasında qiymətləndirilməsi” mövzularında mühazirələrlə çıxış ediblər.

Məlumat üçün qeyd edək ki, konfransa 53 tezis postpandemiya dövründə müraciətlə qəbul olunub. Onlayn konfransda bu mövzular ətrafında  maraqlı müzakirələr aparılıb.

Tədbirin sonunda konfrasın elmi təşkilat komitəsinin sədri Fərid Mustafayev konfransın ərsəyə gəlməsində rolu olan  bütün əməkdaşlara və konfrans iştiakçılarına öz təşəkkürünü bildirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.