Akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş onlayn yubiley yığıncağı keçirilib
İyn 26 , 2020 | 06:00 / Mühim hadisələr
Oxunma ( 539 )

26 iyun 2020-ci il tarixində görkəmli Azərbaycan alimi Akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş onlayn yubiley yığıncağı keçirilib.

“Zoom” platforması vasitəsilə keçirilən onlayn tədbiri AMEA-nın vitse - prezidenti, akademik İradə Hüseynova giriş sözü ilə açıb. Akademik Abdulla Qarayevin Azərbaycanda fiziologiya məktəbinin əsasını qoyduğunu söyləyən alim bildirib ki, Respublikada insan və heyvan fiziologiyası sahəsində fundamental tədqiqatlar aparan ilk sərbəst akademik qurum məhz onun təşəbbüsü ilə Az.SSR EA-nın  Zoologiya İnstitutunda yaradılan Fiziologiya şöbəsi olmuşdur. Sonradan Rəyasət Heyəti yanında sektor statusu alan bu qurumun əsasında 1968-ci ildə Fiziologiya İnstitutu təsis olunmuşdur. Qeyd olunmuşdur ki, bugün akademik Abdulla Qarayevin adını daşıyan Fiziologiya İnstitutu onun uzun sürməyən rəhbərliyi dövründə irəli sürdüyü ideyaları inkişaf etdirir, Respublikada aparılan   fizioloji tədqiqatların koordinasiyasını həyata keçirir, gənc kadrların yetişdirilməsinə öz töhfəsini verir.

Akademik Abdulla Qarayevin elmi fəaliyyəti haqqında çıxışı ilə Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova iclası davam etdirib. Böyük alimin elmi yaradıcılığından geniş danışan natiq xüsusilə qeyd edib ki, Abdulla Qarayevin rəhbərliyi altında Fiziologiya İnstitutunda elmi-təşkilati fəaliyyətin lap əvvəlindən iki xüsusiyyət diqqəti cəlb edir. Bunlardan biri fundamental tədqiqatlarla yanaşı, respublikanın xalq təsərrüfatının inkişafının tələblərinə cavab verən və ən əsası yerli resurslara söykənən tətbiqi xarakterli işlərin ön plana çəkilməsi, ikincisi isə əlaqəli elmlərin fizioloji problemlərin həllinə cəlb olunması, başqa sözlə, multidissiplinarlıq prinsipinin əsas tutulmasıdır. Bildirilib ki, akademik Abdulla Qarayev 300-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20-dən artıq elmlər doktoru və namizədi hazırlanıb. O, ali məktəblər üçün fiziologiya üzrə azərbaycan dilində ilk dərsliklərin müəllifi olmuşdur.

Sonra AMEA-nın müxbir üzvü Rafiq Qasımov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, AMEA-nın həqiqi üzvü Məmməd Salmanov, biologiya elmləri dokroru, professor Ədalət Fərəcov, biologiya elmləri dokroru, professor Fəxrəddin Əsgərov akademik Abdulla Qarayev haqqında xatirələri ilə bölüşmüşlər.

Ailə üzvləri adından akademik Abdulla Qarayevin nəvəsi, biologiya üzrə fəlsəfə doktoru Vəfa Adıgözəlovanın AMEA rəhbərliyinə, Biologiya və Tibb Elmləri Bölməsinə və tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığı çatdırıldı.

Tədbir akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “XXI ƏSR FİZİOLOGİYASI” gənc alimlərin elmi-praktik onlayn konfransı ilə davam edib.  Konfrans çərçiəsində təşkil edilən müsabiqədə AMEA-nın Fiziologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti və bir sıra digər təşkilatlardan gənc alimlərin hazırladığı məruzələr təqdim olunub.

Müsabiqənin nəticələrinə görə I yeri Fiziologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə dotoru Şövqi Hüseynov, II yeri Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının assistenti Aygün Cəfərova, III yeri isə Bakı Dövlət Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasının doktorantı Könül Həsənova və Fiziologiya İnstitutunun doktorantı Sultan Muradov (Bakı İxtisaslaşmış Olimpiya Ehtiyatları Futbol Məktəbi) tutdu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.