Xəzər dənizinin göy-yaşıl yosunlarının (Cyanoprokaryota) əhəmiyyəti və müxtəlifliyi öyrənilir
İyn 29 , 2020 | 06:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 2243 )

Məlumdur ki, Xəzər dənizi planetimizin ən böyük qapalı sututarıdır, Avropa və Asiyanın qovşağında yerləşir. Yer kürəsinin ən böyük gölü olan Xəzərin okean ilə əlaqəsi olmasa da dənizin bütün digər xüsusiyyətlərinə malikdir. Xəzər dənizinin sahillərinin ümumi uzunluğu 7000 km təşkil edir. Azərbaycan Respublikasının  sahillərinin uzunluğu isə 955 km-dir və  Orta və Cənubi Xəzərin suları ilə yuyulur. Xəzər dənizinin suları dünya okeanının sularından xeyli fərqlənir və duzluluğuna görə okean sularından (34-36 %) təxminən üç dəfə azdır. Buna görə də bitki aləmi özünəməxsusluğu ilə səciyyələnir. Həmçinin Xəzər dənizinin müasir vəziyyəti ekoloji şəraitin qeyri-sabitliyi ilə xarakterizə olunur və su ekosisteminə öz təsirini göstərir.

Göy-yaşıl yosunlar (Cyanoprokaryota /Cyanophyta/Cyanobacteria)                                   Xəzər su ekosisteminin ayrılmaz komponentidir və onlar müxtəlif rola malikdir. Bu yosunlar fotosintez prosesində iştirak edən və qlobal ekosistemə böyük təsir edən prokariot orqanizmlərin  ən qədim qrupudur. Onlar təkamül ağacının əsasında bitkilərdən üç milyard il bundan əvvəl ayrılaraq, özlərinin sərbəst budağını əmələ gətirmişlər.  Göy-yaşıl yosunlar fotosintetik qrupların heterogen birliyi olub birhüceyrəli, kolonial, sapvarı və ya şaxəli sapvarı formalara malik 150-dən çox cinsdə 2000 növü birləşdirir. Cyanoprokaryota sudan quruyadək, qaynaq bulaqlar çox duzlu sular, səhra və qütb regionları kimi ekstremal mühitlərdə         geniş yayılmışdır.

Onlar avtotrof olduqlarından ilkin üzvi maddə istehsalçılarıdırlar, balıqlar da daxil olmaqla, hidrobiontlar üçün qida rolunda çıxış edir, dənizin balıq sərvətlərini yaradırlar. Həmçinin, göy-yaşıl yosunlar Xəzərdə çöküntü əmələgəlmə prosesində mühüm rol oynayır, neftəbənzər birləşmələr sapropel əmələ gətirir və ehtimal olunur ki, bu da neftin sələfidir. Buna görə də digər komponentlər kimi göy-yaşıl yosunlar da diqqətlə tədqiq edilməli və qorunmalıdır.

Lakin Xəzər dənizindəki göy-yaşıl yosunlar praktiki olaraq zərər vurmaqla mənfi rola da malikdirlər. Belə ki, Cyanoprokaryota açıq dənizdə hidrotexniki qurğularda – neft platformaları, metal dirəklər və digər yerlərdə inkişaf etməklə metalların korroziyasına səbəb olur ki, bu da öz növbəsində konstruksiyanın dağılmasına gətirib çıxarır. Göy-yaşıl yosunların dənizdə suyun “çiçəklənməsi”  zamanı törətdiyi zərər balıqların tələf olması ilə nəticələnir. Microcystis aеruginosa, Aphanizomenon flosaquae, Anabaena flosaquae, Nodularia spumigena və bəzi digər növlər Xəzər dənizində suyun “çiçəklənməsinə” səbəb olan daha çox rast gəlinən adi törədicilərdir. Bu növlər Xəzər dənizinin şimal hissəsində geniş yayılmışdır, Orta və Cənubi Xəzərdə isə onlara daha az rast gəlinir. Onların daha intensiv inkişafı yayın sonu və sentyabrın ilk yarısında qeydə alınmışdır. Bəzi illərdə isə onlar Xəzərin ayrı-ayrı rayonlarında suyun “çiçəklənməsinə” səbəb olur. Microcystis aеruginosa növü suyun “çiçəklənməsinin” adi törədicilərindən biridir. Bəzi müəlliflərin fikrincə, bu növün toksini solğun amanita göbələyinin termostabil zəhərinə yaxındır. Xəzər dənizində öz toksikliyi ilə məşhur olan Aphanizomenon flosaquae növünə də rast gəlinir. O, əlverişli şəraitdə hər il yayın sonunda suyun “çiçəklənməsinə”  səbəb olur. İntensiv çoxalma dövründə yosun balıqlar və bütün su heyvanları üçün toksiki təsirlidir, insanlarda konyunktivit və dərinin qıcıqlanmasını yaratmağa qadirdir. Anabaena flosaquaeNodularia spumigena da suyun“çiçəklənməsinə”   səbəb olan toksik növlərə aiddirlər. Nodularia spumigena balıqlara təsir edən və kürünün inkişafına mane olan nodularin toksini əmələ gətirir. Suyun kiçik ləkələr şəklində lokal “çiçəklənməsi” dənizin həyatında müsbət rol oynayır, çünki onun suları biogenlərlə zənginləşir.  Güclü şəkildə suyun “çiçəklənməsi” isə suyun keyfiyyətini pisləşdirərək son nəticədə heyvanların ölümünə gətirib çıxarır. Bu növlərin toksinləri ilə zəhərlənmiş insanda allergiya, konyunktivit, qida intoksikasiyası baş verir. İntensiv surətdə “çiçəklənməyə” məruz qalmış sututarlarının suyu və balıqlardan uzun müddət istifadə edən  insan “haff - yuks” xəstəliyinə tutulur ki, bu  xəstəliyin gedişində də böyrəklər, əsəb və əzələ sistemi sıradan çıxır, hərəkət funksiyaları pozulur. Bu isə bir çox hallarda ölümlə nəticələnir. Göy-yaşıl yosunların toksinləri öz təsirinə görə kurare və botulin kimi zəhərlərdən dəfələrlə güclüdür.

Xəzər dənizinin Azərbaycan hissəsində potensial toksiki növlərlə yanaşı, faydalı növlərə də rast gəlinir. Məsələn, əvvəllər Xəzər üçün naməlum olan Arthrospira platensis ( sin. Spirulina platensis) onlara aiddir. Belə ki, son vaxtlar elmi ədəbiyyatda bu göy-yaşıl yosun növü geniş tanınmağa başlayıb. İlk dəfə  hələ qədim vaxtlardan insanlar çəmən Spirulina-sını Çad gölündə tapmış, qurudaraq qida kimi istifadə etmişlər. Çad gölü ilə yanaşı, Çinin Tsinxay gölü də Spirulina-nın yayıldığı azsaylı təbii obyektlərdəndir. Spirulina qida üçün unikal ərzaqdır. Qurudulmuş Spirulina-nın tərkibində təxminən 60% (51-71% ) zülal var. Spirulina vitaminlər, aminturşuları, polidoymamış yağ turşuları, antioksidantlar, makro- və mikroelementlərin mənbəyidir. Maddələr mübadiləsini normallaşdırır və aktivləşdirir. Hal-hazırda bu yosun müxtəlif, o cümlədən qida məqsədilə populyar kütləvi becərilmə obyektlərindəndir. Kommersiya adı Spirulina-dır. Ehtimal olunur ki, gələcəkdə insanın qida rasionunda yosunların payı durmadan artacaqdır.

Beləliklə, göy-yaşıl yosunlar təbii ekosistemlərin ayrılmaz tərkib hissəsi kimi planetimizdə təbiətin inkişafında vacib rol oynayır. Bununla əlaqədar digər komponentlər kimi onların da dərindən öyrənilərək mühafizə olunmağa ehtiyacı var.



                                AMEA Botanika İnstitutun 

Algologiya və lixenobriologiya laboratoriyasının

 

aparıcı elmi işçisi, b.ü.f.d. Maya Nuriyeva

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.