İyl 07 , 2020 | 12:00 /
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda təhsil alan magistrantlar ilk tədris ilindən laboratoriyalara cəlb olunur, həm qazandıqları nəzəri bilikləri təcrübi olaraq möhkəmləndirirlər, həm də magistr dissertasiya işləri ilə bağlı təcrübi işləri yerinə yetirirlər.
İnstitutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a açıqlamasında bildirib ki, bu il təhsilini başa vurub məzun olan 2 magistrantın yerinə yetirdikləri tədqiqatlar nəticəsində mühüm nəticələr əldə olunub. Bu nəticələrə əsasən “Bioorganic chemistry”, “Arshiv der Pharmaze”, “Applied organometallic chemistry” kimi nüfuzlu jurnallarda məqalələr dərc edilib.
Hər bir magistrantın elmi tədqiqat işlərinin əsas nəticələri 2 məqalə, 4 konfrans materialında öz əksini tapıb.
“Üzvi kimya ixtisası üzrə II kurs magistrantlar dissertasiya işlərini onlayn formada müvəffəqiyyətlə müdafiə ediblər. Bu il dünyada yayılan pandemiya ilə əlaqədar olaraq fəaliyyətimizdə distant tədris formatından istifadə etdik. Prosesin uğurlu olacağı ilə bağlı bəzi şübhələrimiz vardı. Lakin onlayn imtahanlar və müdafiə göstərdi ki, gözlənildiyindən də yüksək nəticə əldə etmişik. Pandemiya magistrantlarımızı evdə saxlasa da, onları təhsillərindən, elmi işlərini yüksək səviyyədə yekunlaşdırmaqdan saxlaya bilmədi”, - deyə Əfsun Sucayev qeyd edib.