İyl 16 , 2020 | 06:00 / Mühüm hadisələr
İyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Sosial məsafə gözlənilməklə və tibbi maskadan istifadə edilməklə keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir. Döyüşlər zamanı hərbi bölmələrimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Döyüşlər başladığı andan Azərbaycan xalqı birmənalı olaraq Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirib. Bu vəhdət hər bir Azərbaycan vətəndaşı kimi AMEA əməkdaşlarında da böyük iftixar hissi doğurub.
Təəssüflər olsun ki, döyüşlər zamanı müdafiənin ön xəttində olan yüksəkrütbəli Azərbaycan zabitləri və əsgərləri qəhrəmancasına şəhid olublar.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verilib.
Daha sonra akademik Ramiz Mehdiyev iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından bəhs edib. Bildirib ki, tədbirdə ölkə Prezidenti dərin məzmunlu nitqlə çıxış edib. Dövlət başçısının qaldırdığı məsələlər Azərbaycan alimləri qarşısında da mühüm vəzifələr qoyub. AMEA rəhbəri vurğulayıb ki, alimlərimiz ölkədə baş verən ictimai-siyasi prosesləri daha yaxından izləməli, aktiv vətəndaş-ziyalı mövqeyi nümayiş etdirməli, cənab Prezidentin ölkənin hərtərəfli inkişafına yönəlmiş siyasətinə elmi dəstək verməli, onun təbliği istiqamətində bütün səylərini birləşdirməlidirlər. O, bu məsələlərlə bağlı müvafiq şəxslərə konkret tapşırıqlarını verib.
Sonra akademik Ramiz Mehdiyev iclasın gündəliyində yer alan bir sıra mühüm elmi-təşkilati və kadr məsələləri barədə məlumat verib. Qeyd edib ki, iclasda Azərbaycan milli dövlətçilik tarixinin tədqiqi və təbliği, elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın möhkəmləndirilməsi, digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, AMEA-nın elmi müəssisələrinin strukturunun daha da təkmilləşdirilməsi, bir sıra görkəmli alimlərin yubileylərinin qeyd edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
İclasın gündəliyində yer alan ilk məsələ, “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin hazırlanması haqqında məlumat verən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanın müstəqillik tarixinin öyrənilməsi istiqamətində mühüm bir addım olan çoxcildliyin hazırlanması ilə bağlı işlər ictimai və humanitar elm sahələri üzrə görkəmli alimlərin yaxından iştirakı ilə uğurla davam etdirilir.
Akademik İsa Həbibbəyli gündəlikdə yer alan ikinci məsələ, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş AMEA-nın yeni Nizamnaməsi haqqında da məlumat verib. Qeyd edib ki, yeni Nizamnamədə əksini tapan dəyişikliklər AMEA-nın strukturunun təkmilləşdirilməsi, elmi idarəetmənin optimallaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.
Daha sonra “İrəvan şəhəri - necə varsa” adlı kitabın nəşri barədə məsələ müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli bildirib ki, çağdaş Azərbaycan tarixşünaslığında itirilmiş torpaqların tarixinin daha dərindən tədqiq edilməsi, dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə İrəvan şəhərinin tarixinin real faktlar əsasında yenidən yazılması zərurəti yaranıb.
Məsələ geniş müzakirə olunduqdan sonra müvafiq elmi tədqiqat müəssisələrinin mütəxəssislərini cəlb etməklə “İrəvan şəhəri - necə varsa” adlı monoqrafiyanın hazırlanıb nəşr edilməsi və kitabın konsepsiya layihəsinin təsdiqlənməsi qərara alınıb.
İclasın gündəliyində yer alan digər məsələlərlə bağlı AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. AMEA Rəyasət Heyəti aparatının Əsasnamə layihəsi barədə məlumat verən alim bildirib ki, AMEA Rəyasət Heyətinin vəzifə və funksiyalarının həyata keçirilməsində Rəyasət Heyəti aparatının mühüm rolu vardır. Akademiyada elmi-təşkilati fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, elmi tədqiqat işlərinin təşkili, elm və innovasiya sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasında bütün elmi və ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi, fundamental və tətbiqi elmi-tədqiqat işlərinin monitorinqi, analitik təhlili, yüksəkixtisaslı elmi kadrların hazırlanması, xarici elmi əlaqələrin inkişaf etdirilməsi və s. AMEA Rəyasət Heyəti aparatının əsas vəzifələridir.
Akademik-katib əlavə edib ki, bu cür mühüm vəzifələr yerinə yetirməsinə baxmayaraq, AMEA Rəyasət Heyəti aparatının fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, habelə idarə olunmasının prinsipləri indiyədək heç bir normativ-hüquqi sənədlə müəyyən edilməyib. Bu istiqamətdə normativ-hüquqi tənzimlənmənin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti aparatının Əsasnaməsinin layihəsi hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim edilib. Təqdim olunmuş Əsasnamə layihəsi müzakirə edildikdən sonra qəbul edilib, müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Gündəlikdə yer alan digər məsələ AMEA-nın vəzifə nomenklaturası ilə bağlı olub. AMEA-nın akademik-katibi Əminağa Sadıqov qeyd edib ki, akademiyada həyata keçirilən bir sıra kadr və struktur islahatları bu qurumun vəzifə nomenklaturasının təkrar işlənilməsi zərurətini meydana çıxarıb. Rəyasət Heyətinə təqdim olunan vəzifə nomenklaturasının yeni layihəsi müzakirələrdən sonra təsdiq edilib.
Əminağa Sadıqov, həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə AMEA arasında qarşılıqlı elmi əməkdaşlıq barədə də məlumat verib. Bildirib ki, Müdafiə Sənayesi Nazirliyində ölkənin təhlükəsizliyinin təmin edilməsi və bir sıra hərbi təyinatlı məhsulların istehsalı istiqamətində elmi tədqiqat işləri həyata keçirilir. Həmin elmi tədqiqatların daha da təkmilləşdirilməsi, AMEA-nın müvafiq elmi müəssisələrinin potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə AMEA-nın qarşılıqlı əməkdaşlığının, birgə elmi-innovativ fəaliyyətinin yeni əsaslarla təşkilinə ehtiyac vardır.
Məsələ ilə bağlı çıxış edən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev bildirib ki, uzun illərdir sözügedən nazirliklə elmi əməkdaşlıq əlaqələri mövcuddur və birgə elmi layihələr üzərində iş aparılmaqdadır. Lakin effektiv nəticələrin əldə olunması üçün bu sahədə məqsədyönlü koordinasiyaya ciddi ehtiyac vardır. Bu mənada hər iki qurum arasında əməkdaşlıq əlaqələri üzrə komissiyanın yaradılması olduqca əhəmiyyətlidir.
Geniş müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə əməkdaşlıq məsələləri üzrə komissiya yaradılıb, müvafiq tapşırıqlar verilib.
İclasda “AMEA-nın Məruzələri” jurnalının Redaksiya heyətinin təsdiq edilməsi, “AMEA-nın İqtisadiyyat İnstitutunun elmi əsərləri” jurnalının “İqtisadi artım və ictimai rifah” adlandırılması, “Elm tarixi və elmşünaslıq” elmi-nəzəri jurnalının təsis edilməsi, AMEA-nın Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi adlandırılması, Əlyazmalar İnstitutunun 70 illik yubileyinin qeyd olunması kimi məsələlərə baxılıb. Həmçinin Mərkəzi Elmi Kitabxananın strukturunun və ştat cədvəlinin, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının yeni tərkibinin, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi və Daxili nəzarət və audit şöbəsinin əsasnamələrinin təsdiq edilməsi, AMEA-nın İşlər idarəsi tərəfindən 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin oktyabr ayının 1-dək olan dövr üzrə ayrılan büdcə vəsaitlərindən istifadə zamanı yol verilmiş nöqsanlarla bağlı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, akademik Əli Abbasov müzakirələrdə rəy və təklifləri ilə yaxından iştirak ediblər.
İclasda bir sıra alimlərin yubileylərinin qeyd edilməsi ilə bağlı məsələlərə də baxılıb. Akademik Həbibulla Şahtaxtinskinin 120, Bəkir Nəbiyevin 90, akademik Ziyad Səmədzadənin 80, AMEA-nın müxbir üzvü Oruc Həsənlinin 70, eləcə də AMEA-nın müxbir üzvləri Namiq Əliyev və Şahbaz Muradovun 80 illik yubileylərinin qeyd edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Sonda kadr məsələlərinə baxılıb. Kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə AMEA prezidentinin köməkçisi, Coşqun Məmmədov AMEA-nın birinci vitse-prezidentinin xidmətində elmi katib, texnika elmləri doktoru Qəmbər Quliyev isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin ediliblər.