İyl 22 , 2020 | 09:03 /
Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü qeyd edilir.
Məlum olduğu kimi, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başladığı məhz bu gün - 22 iyul tarixində qoyulmuşdur. 1991-ci ildən isə Azərbaycanda Milli Mətbuat günü kimi başqa sözlə, jurnalistlərin - qələm sahiblərimizin peşə bayramı kimi qeyd edilir.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Yarandığı 145 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. 145 il əvvəl xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövrünün vəzifələrini də jurnalistikamız uğurla yerinə yetirəcək. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
Milli mətbuatımız bütün digər sahələrdə olduğu kimi elm və elmi biliklərin cəmiyyətdə təbliğində əhəmiyyətli rol oynamaqdadır. Elmin piarını yüksək səviyyədə təşkil etmək isə əsasən də elmi jurnalistlərin üzərinə düşən vəzifə olub, desək heç də yanılmarıq. Sözün əsl mənasında burada əsas yük, məsuliyyət müxbirlərin üzərinə düşür. Elmin cəmiyyətə nüfuzu çoxmilyonlu oxucu, dinləyici və izləyici sayəsində mümkün olur ki, burada əsas rol qələm sahiblərinin üzərinə düşür. Onların burda da əsas işi elm, media və cəmiyyət arasında ünsiyyət, kommunikasiya yaratmaqdır. Çünki elmi bilikləri biz alimlərdən alaraq populyarlaşdırıb cəmiyyətə ötürən məhz sizlərsiniz.
Bəli, bu gün Sizin gününüzdür. Öz qələmini, sözünü süngərə çevirib, ölkəmizin müstəqilliyinin inkişafı, onun insanlarının mariflənməsinə ciddi cəhdlə çalışan, hər çir çətin situasiyalarda arxa cəbhə tanımayan, daim düşmənə qarşı öndə dayanmağı bacaran, yeri gələndə düşmənə qarşı çarpışan səngərdəki əsgərin, bu günlərdə isə yeni bir düşmən olan koronavirus pandemiyasına qarşı gecə-gündüz ölüm-dirim mübarizəsi aparan həkimlərimizin yanında dayanıb xoş sözlərilə onlara arxa dayaq olan, Azərbaycanın hər sahəsində uğur əldə edən insanlarımızın uğurlarına öz uğurlarınızdan çox sevinən həqiqi qələm sahibləri, dəyərli jurnalistlərimiz bu gün hər cür xoş sözlərə, arzu və təbriklərə layiqsiniz.
Əziz dostlar, əziz mətbuat nümayəndələri, AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq Akademiyanın ictimayyətlə əlaqələrə məsul şəxsləri başda olmaqla bizlə əməkdaşlıq edən-etməyən bütün jurnalist dostlarımızı dövlətin Sizə və peşənizə olan diqqət və qayğısının rəmzi ifadəsinə çevrilən 22 iyul Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edir, olduqca şərəfli, məsuliyyətli vəzifənizdə uğurlar yeni yeni nailiyyətlər arzulayırıq. Sizlərlə əməkdaşlıq etməkdən qürur duyuruq. Şərəfli peşə bayramınız mübarək!!!
AMEA Gənc Alim və Mütəxəssislər Şurası