“Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi elan olunub
Avg 06 , 2020 | 11:00 / Elmi müsabiqələr
Oxunma ( 2521 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi elan olunub.
Müsabiqə akademik və ali təhsil sistemindəki və digər qurumlardakı elmi-tədqiqat müəssisələrinin, institut va laboratoriyalarının, bölmə və mərkəzlərinin və sair uyğun strukturların tətbiqi xarakterli elmi tədqiqatlar üzrə fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını qismən təkmilləşdirmək, təbiət və texnika elmləri üzrə sahə və istiqamətlərin davamlı inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək məqsədi ilə akademik və ali təhsil müəssisələri və digər qurumlarından olan alim və tədqiqatçıların müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş və sənayedə tətbiq oluna biləcək xarakterli layihələrin qrantlar verilməsi yolu ilə maliyyələşdirilməsi məqsədi iləkeçirilir.
Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində mühüm məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, qısa müddət ərzində rəqabət apara biləcək və sənayedə tətbiqini tapa biləcək nəticələrin alınmasına əlavə şərait yaradılmasıdır. Layihələrdə maliyyə (stimullaşdırıcı əmək haqqı) və maddi-texniki təminat (cihazlar, qurğular və avadanlıqlar) da nəzərdə tutulur.
Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 07 avqust 2020-ci il tarixdən etibarən, elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) 07 sentyabr 2020-ci il saat 17:00-dək həyata keçiriləcəkdir. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN-İmza”dan istifadəni də nəzərdə tutur. “Asan-imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcəkdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.